Baş həkim Fəridə Qarayeva vərəm xəstəsi olmayan uşaqları bura necə qəbul edir? Azərbaycanda vərəmli xəstələrə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilməkdədir. Belə ki, vərəmli xəstələrin müalicəsi məqsədilə hər il dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılır. Bundan başqa, dövlət həmin xəstələri lazımi dərmanlarla və tibbi ləvazimatlarla təmin edir. Ölkəmizdə vərəm xəstəliyindən böyüklərlə yanaşı, uşaqlar da əziyyət çəkir. Təəssüflər olsun ki, vərəm əleyhinə təyinatı olan bəzi səhiyyə müəssisələrində uşaqlara normal münasibət göstərilmir. Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi 197 ünvanında yerləşən 4 saylı Vərəm Əleyhinə Uşaq Sanatoriyasında cərəyan edən özbaşınalıqlar barədə gundelik-baku.com-a maraqlı məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən şəxsin sözlərinə görə, baş həkim Fəridə Qarayeva burda «bazar» prinsipləri ilə işləyir: «4 saylı Vərəm Əleyhinə Uşaq Sanatoriyasına nə lazımdırsa, hamısını dövlət edir. Yəni bura uşaqların qəbulu pulsuz olmalıdır. Baş həkimin tətbiq etdiyi «qaydalar»a görə isə uşağını sanatoriyaya yerləşdirmək istəyən valideynlər mütləq baş həkimə nəysə verməlidirlər. Qanunla sanatoriyaya uşaqlar vərəm dispanserlərinin göndərişi əsasında qəbul edilməlidir. Amma sanatoriyada araşdırma aparılsa məlum olar ki, burdakı uaqların əksəriyyəti sağlamdır və onların qəbulu ilə bağlı vərəm dispanserlərindən heç bir arayış təqdim edilməyib. Fəridə xanım sağlam uşaqları, vərəm xəstəsi olmayan uşaqları bura qəbul etməklə qanun pozuntusuna yol verir. Sanatoriyaya qəbulun qiyməti 150-200 manat arasında dəyişir. Kim bu pulu vermək istəmirsə, uşağı sanatoriyaya qəbul olunmur». Araşdırmalar nəticəsində öyrəndik ki, səhiyyə nazirinin müavini Nigar Əliyevanın kadrı olan Fəridə Qarayeva sanatoriyaya ayrılan ərzaq məhsullarına da göz dikir: «Uşaqların qidalanması bərbad vəziyyətdədir. Dövlət hər ay sanatoriyanın ərzaq təminatı üçün külli miqdarda vəsait ayırsa da, həmin pulların böyük hissəsi şəxsi ciblərə yönəldilir. Buna görə də uşaqlar normal səviyyədə qidalanmırlar». 4 saylı Vərəm Əleyhinə Uşaq Sanatoriyasında mövcud olan neqativ hallar bununla bitmir. İddialara əsasən, Fəridə Qarayeva ötən illər ərzində çoxsaylı əyri işlərə imza atmaqla şəxsi maliyyə vəziyyətini xeyli yaxşılaşdırıb. Tezliklə onun fəaliyyəti və sanatoriyaya ayrılan vəsaitləri necə havaya sovurması barədə müfəssəl məlumat verəcəyik. Bizi izləyin. Sonda səhiyyə naziri Oqtay Şirəliyevdən xahiş edirik ki, bu sanatoriyada yoxlama təşkil etsin. Qarşı tərəfi də dinləməyə hazırıq.(Gundelik-baku.com)