Gəncə Ağır Cinayətlər Məhkəməsində haqqında 5 il həbs hökmü çıxarılan "7gun.az" xəbər portalının təsisçisi və baş redaktoru Cavid Şirəliyevin işi ilə bağlı apellyasiya şikayəti verilib. İşi Gəncə Apellyasiya Məhkəməsində baxılacaq. Bu barədə Cavid Şirəliyevin vəkili Zabil Qəhrəmanov Arqument.Az-a məlumat verilib.
Vəkilin sözlərinə görə, Cavid Şirəliyevə açılmış cinayət işi qondarmadır və onun həbsi qanunsuzdur: "Cavid Şirəliyevin üzünə duran qadın Şəfiqə Xankişiyevaya barədə İnsan Alverinə Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Onun əxlaqsızlıq yuvası saxlaması ilə bağlı 244-cü maddə ilə açılmış cinayət işi var. İlk olaraq 2014-cü ildə Şəfiqə Xankişiyeva saxlanılıb. Sonra ondan istifadə edib Cavid Şirəliyevin əleyhinə ifadə alıblar. İstintaq materillarında bir-biri ilə uyuşmayan şəkillərdən istifadə ediblər. Şəfiqə Xankişiyeva barədə 2014-cü ildən açılan cinayət təqibi istintaqı hələ də davam edir. Mən bununla bağlı da vəsatət vermişəm. Cavid Şirəliyevin saxlanma prosesi belə olub ki, Şəfiqə Xankişiyeva saxlandıqdan sonra Asif Orucovun əleyhinə ifadə verib, Asifin ondan pul tələb etdiyini deyib. Asifin telefonunda Cavidin telefon nömrəsi olduğu üçün Cavidi də saxlayıblar. Amma sonradan məlum olur ki, iyunun 10-da Asif cəzaçəkmə müəssisəsində olub. Onun barəsində tənbeh tədbiri var. İstintaq materiallarında müstəntiq tərəfindən yazılan ifadələr də var. Barəsində cinayət işi olmasına baxmayaraq, Şəfiqə Xankişiyeva həbs olunmayıb, hazırda da azadlıqdadır. Ondan sadəcə, digərlərinin həbsi üçün istifadə ediblər. Ümumiyyətlə, Cavid Şirəliyevin həbsi qanunsuzdur. Ona görə də hökmdən apellyasiya şikayəti vermişik".
Qeyd edək ki, Cavid Şirəliyev Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə maddələrilə təqsirləndirilib. Belə ki, guya o, özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədilə tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icəradarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki "Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yayma hədəsilə 2000 manat pul tələb edib və sonuncunun 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.
Cavid Şirəliyev ictimaiyyətə ünvanladığı müraciətdə isə istintaqın düzgün aparılmadığını, konkret olaraq şərləndiyini bildirib. Belə ki, onun Vergilər Nazirliyinə göndərdiyi sorğuya nazirlik rəsmi cavab verərək Tovuzda "Tatar" kafenin mövcud olmadığını bildirib. Bundan başqa, tanışı kimi qələmə verilən Asif Orucov isə həmin ərəfədə həbsdə olub. Bunu da Penitensiar Xidmət jurnalistin göndərdiyi sorğuya rəsmi cavabında təsdiqləyib.