Bir müddət əvvəl ləğv edilmiş MTN-in əsas fiqurlarından biri olan, eyni zamanda iş adamlarından külli miqdarda pul aldığı üçün həbs edilən Akif Çovdarov artıq hədə diliylə danışmağa başlayıb. Bu barədə JAM.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.
Həmin məlumatlarda deyilir ki, ötən gün Akif Çovdarov hədə-qorxu ilə pul aldığı şəxslərdən daha biriylə üzləşdirilib. Həmin üzləşdirmə zamanı keçmiş general təkcə hər şeyi qəbul edəcəyini deyil, həmçinin təhdid diliylə də danışmaqdan çəkinməyib.
Mənbə bildirir ki, Akif Çovdarov onun üçün artıq heç bir şeyin fərqi olmadığını, istintaq orqanlarının istədiyi şeyi yaza biləcəyini deyib. Ardından da bildirib ki, o, bundan sonra çox yaşamayacaq. Amma keçmiş general təhdid tonuna da keçərək, artıq susmaq niyyətində olmadığını da bildirib. JAM.AZ-a məlumat verən mənbələr bildirib ki, Akif Çovdarov məhkəməni gözlədiyini və orada bütün sirrləri açacağını da deyib.
Çovdarovun konkret olaraq kimləri hədəf aldığı və hansı sirrləri açacağı barədə istintaqla yanaşı, bir çox dairələr də məlumatsızdırlar. Böyük ehtimalla o, MTN-də baş verən ən çirkin olaylarla bərabər, hakimiyyətdə təmsil olunan məmurlar barədəsində də hansısa bilgilərə malikdir. Və bu yolla təhdid edərək, azadlığa çıxmaq istəyir.
Bu əsnada onu da bildirək ki, Akif Çovdarov hazırda 1 saylı istintaq təcrdixanasının tibb məntəqəsinə yerləşdirilib. Onun məntəqənin 7 saylı palatasında qaldığı deyilir.