Ərazi nümayəndəsi Nüsrət Vəliyev dövlətin pullarını şəxsi biznesinə sərf edir
Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqov təbii sərvətləri ölkə xaricinə necə çıxardır?
Gözdən-qulaqdan uzaq bölgələrdə məmur özbaşınalığı paytaxta nisbətən daha geniş vüsət alıb. Prezident İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, məmurlar öz əməllərindən əl çkəmir, yenə öz bildiklərini edir, dövlətin büdcəsini talamaqla məşğul olur.
Qanunsuzluqların baş alıb-gediyi rayonlardan biri də Daşkəsəndir. Sabiq millət vəkili Əhəd Abıyevin başçılıq etdiyi rayondan gələn şikayətlərin ardı-arası kəsilmir. Bildirilir ki, icra başçısı rayonu şəxsimülkinə çevirib, rayonu istədiyi kimi idarə edir, yaxın ətrafına böyük səlahiyyətlər verib ki, onlarda vətəndaşları talamaqla məşğuldur.
MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, Əhəd Abıyevin ən böyük səlahiyyət verdiyi məmurlardan biri müavini Namiq Süleymanovdur. Deyilənə görə, onun Bakıda villası, bahalı maşınları, rayonun mərkəzində üçmərtəbəli oteli hansı vəsaitlə inşa etdirməsi araşdırma mövzusudur. Onun biznesinin bununla yekunlaşmadığı və varidatının bir hissəsini ölkə xaricinə çıxardığı deyidir. Daxil olan məlumata görə, Namiq Süleymanov hər ay idarə və müəssisələrdən xərac yığır. Bu pulların böyük hissəsi isə Əhəd Abıyevə çatır.
Kimsəyə məhəl qoymadan, prezidentin tapşırıqlarına qarşı gedərək rayon camaaatını incidən Əhəd Abıyevin əsas adamlarından biri Daşkəsənin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nüsrət Vəliyevdir. Namiq Süleymanov və Nüsrət Vəliyev Əhəd Abıyevin əsas kadrları hesab olunur. Nüsrət Vəliyev dövlət pullarını öz biznesinə sərf edir. Rayon sakinləri qeyd edir ki, icra nümayəndəsinə əlavə imtiyazlar verilib. Bu imtiyazları icra başçısı Əhəd Abıyevin tərəfindən qazanıb. Onun sağ əli sayılan və rayondakı maxinasiyalarda xüsusi rolu olan Vəliyevin fəaliyyəti araşdırıla bilər. İddialara görə, Nüsrət Vəliyev Bakı, Gəncə və Qazaxda villalar tikdirib, Daşkəsənin mərkəzində 3 mənzil alıb, saysız-hesabsız mülklərə sahiblənib. Onun villalarının qiyməti milyon manatdan artıqdır.
Daşkəsəni çapıb-talayanlardan birinin də Filizsaflaşdırma Kombinatının direktoru Ələddin Sadıqovun olduğu bildirilir. MilliYol.Az-a məlumat verən mənbə bildirir ki, rayonda dəmir-filiz mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib. Onun Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evi var. Bu mal-mülkə yiyələnən Ələddin Sadıqov məhz təbii sərvətlərdən gələn milyonların hesabına varlanıb. Əhəd Abıyev Ələddin Sadıqovun həyat yoldaşını baxça müdirəsi, qardaşını isə su idarəsinə müdir təyin edib.
Məlumatlarda bildirilir ki, Ələddin Sadıqov 8 ildir filiz yataqlarını alt-üst etməklə məşğuldur. Hətta icra başçısı ilə birləşib 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satdığı da vurğulanır. Qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Mənbə bildirir ki, Ələddin Sadıqov bir il ərzində 7 bahalı avtomobili yaxınlarının adlarına rəsmiləşdirərək şəxsi mülkinə çevirib.
Məlumatda o da bildirilir ki, icra başçısı Əhəd Abıyev və “Vüsel” şirkətinin rəhbəri Tahir Hüseynov Daşkəsəndə evlərin dam örtüyünü dəyişmək adı altında 1 milyon manat “siliblər”. Əhəd Abıyev rayon ayrılan vəsaitləri və daxili büdcədən ayırdığı pulları məhz Tahir Hüseynovun “Vüsel” şirkəti vasitəsi ilə həyata keçirir. Daha doğrusu, icra başçısı ilə şirkət rəhbəri əl-ələ verərək büdcə pullarını “yuyurlar”. Bildirilir ki, rayon mərkəzindəki bina evlərinin dam örtüklərinin və fasadlarının yenilənməsi üçün ayrılan 1 milyon manata yaxın vəsait icra başçısı Əhəd Abıyev tərəfindən mənimsənilib. 1 milyonluq layihə daxili tenderlə Əhəd Abıyevin ortağı Tahir Hüseynovun "Vüsel" şirkətinə verilib. Amma adı çəkilən şirkət bir neçə binaların dam örtüklərini dəyişməklə işini bitmiş hesab edib. İddia olunur ki, ayrılan vəsaitin 50 faizini əvvəlcədən Əhəd Abıyev nəğdləşdirərək götürüb. Qalan vəsait isə "Vüsel" şirkətinin rəhbəri Tahir Hüseynov da daxil olmaqla bir neçə məsul şəxsin arasında bölüşdürülüb. Ayrılan vəsaitin təqribən 200 min manatı nəzərdə tutulan işlərə sərf olunub. Qalanı isə Tahir Hüseynov, Namiq Süleymanov və bir neçə digər məsul şəxs tərəfindən mənimsənilib.
Xatırladaq ki, “Vüsel” şirkəti Daşkəsən rayonunda Zağal-Kollu-Çıraqlı kəndlər arası yollarının tikintisini həyata keçirdib. Həmin yolun ümumi tikintisinə 13 milyon manat vəsait xərclənib.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq...