Vaqif Əsədov: «Bizim üçün ən böyük və ən dəyərli hədiyyə onun törətdiyi xətanı səmimi etiraf etməsi olardı»
Xəbər verdiyimiz kimi, gənc fəal Bəxtiyar Hacıyev avtomobilinin qanunsuz evakuasiya edilməsinə etiraz əlaməti olaraq cərimə meydançasında maşının üstünə "Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısı yapışdırıb. Avtosfer.az xəbər verir ki, bu barədə Hacıyev öz facebook hesabında status paylaşıb. Gənc siyasətçi yazıb ki, 90-MV-558 dövlət nömrə nişanlı avtomobili 6 saylı cərimə meydançasındadır. O bildirib ki, Penitensiar Xidmətə sorğu vermək üçün maşını xidmətin binasının qarşısında park edib: «Məktubu poçt qutusuna atıb çıxdım (3, maksimum 4 dəqiqə ərzində), gördüm şanlı, operativ DYP avtomobili aparıb. Ona görə də, cərimə və evakuator xidməti ödəməkdən bezib, imtina edib, hədiyyə edirəm».
Daha sonra isə avtomobilinin aparıldığı cərimə meydançasından foto paylaşaraq qeyd edib: "Evakuator oğurluqlarına etiraz əlaməti olaraq gedib avtomobilin üstünə "Baş DYP rəisi, general-mayor Ramiz Zeynalova hədiyyə" yazısını yapışdırıb, velosipedimi avtomobildən götürüb çıxdım. Velosipeddən istifadə edə-edə, bacardığım qədər bütün yollarla həm bu problemlə, həm də DYP nəzarətində olan bütün digər problemlərlə mübarizə aparmağa başlayım".
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov qısa araşdırmadan sonra Avtosfer.az-a bildirdi ki, avtomobilin evakuasiya edilməsi qanunidir: «Sürücü Bəxtiyar Hacıyev gündəmdə qalmaq və qalmaqal yaratmaq naminə belə hərəkətlərə yol verir. Təkcə onu demək kifayətdir ki, sürücünün bu avtomobillə 14 dəfə inzibati xəta törətməsi onun məsuliyyətə cəlb edilməsinə səbəb olub. Doğrusunu deyək ki, tətbiq edilən cərimələrin ödənilməsi faktı da var.
Sonuncu paylaşdığı məlumatlara gəldikdə isə sanki sürücü hazırlaşıb ki, avtomobil evakuasiya edildikdən sonra əvvəlcədən yazıb hazırladığı bildiriş vərəqəsini şüşəyə yapışdıracaq, avtomobilində gəzdirdiyi velosipedlə getməsinin fotosunu sosial şəbəkələrdə paylaşmaqla piar aparacaq».
Vaqif Əsədov bildirib ki, Bəxtiyar Hacıyevin avtomobilinin evakuasiya edildiyi ərazidə Formula 1 yarışlarına son hazırlıq işləri gedir. Eləcə də, DYP əməkdaşlarının paytaxt üzrə dayanma-durma və parketmə qaydalarını pozanlara qarşı mübarizə tədbirlərini gücləndirdiyi bir vaxtda sürücünün narazılıq etməsi başadüşüləndir: «Çünki qanun hər kəsə şamil edilir. Əgər dayanmaq-durmaq qadağandırsa, özünün dediyi kimi, maşını 3-4 dəqiqə belə park edib qayda pozursa, hansı güzəştdən danışmaq olar? Həmin avtomobil qanun çərçivəsində müvəqqəti mühafizə olunan duracağa aparılıb. Yəni, sürücü barəsində seçilən tədbir qanunauyğundur. Hamı kimi o da cərimələnəcək və inzibati məsuliyyətə cəlb ediləcək».
Vaqif Əsədov sonda Bəxtiyar Hacıyevin yaydığı məlumatla bağlı bunları deyib: «Əgər çox hörmətli Bəxtiyar Hacıyev cənabları avtomobilini həqiqətən hədiyyə etmək niyyətindədirsə, təşəkkür edirik və bildiririk ki, bizim üçün ən böyük və ən dəyərli hədiyyə törətdiyi xətanı səmimi etiraf etməsi olardı».