Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi işləmiş, hazırda həbsdə olan general-mayor Teymur Quliyevin evində təmir işləri görən ustaların məhkəmə prosesi üzrə yeni detallar ortaya çıxıb. Məlum olub ki, generalın evini təmir edən Ramil və Vasif Aslanov qardaşlarına qarşı ifadə verən şəxslər buna məcbur edilib.
“Qafqazinfo”ya müraciət edən həmin şəxslər - Yaşar Osmanov, Saleh Cəlilov və Valeh Cəlilov bildiriblər ki, Aslanov qardaşlarının işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Elmir Həsənov dələduzluq yolu ilə onların külli miqdarda pulunu mənimsəyib: "Onun qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarına dəfələrlə şikayət etmişik. Hətta başqa şikayətçilər də var. Lakin, bu günə kimi heç bir tədbir görülməyib".
Y. Osmanov bildirib ki, E. Həsənovla şərikli aqlay işləri görüblər: “Elmir məni aqlay işləri ilə bağlı Türkiyəyə göndərdi, təxminən 3 aydan artıq orada işlədim. Türkiyədən mənə çatacaq 10 000 ABŞdollar, birgə və şərikli iş götürdüyümüz «Evrostroy» firmasından 30 000 manat pulu Elmir təkbaşına alıb mənimsədi. Həmçinin, mənə məxsus bankda olan avtomobili sataraq 3000 manatı götürdü, avtomobilə görə də bankda mənim adıma borclar yığılıb”.
Cəlilov Saleh və Valeh qardaşları isə bir neçə ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, 77 saylı ünvanında yerləşən yaşayış mənzilində işləsələr də Elmir Həsənovdan işləri müqabilində 7000 manatı ala bilmədikləri deyiblər.
Müraciətdə qeyd olunur ki, Elmir Həsənov pulu onlara bir şərtlə qaytaracağını deyib: “Dəfələrlə təkid edərək deyirdi ki, Ramil və Vasif Aslanov qardaşlarının üzünə durduğumuz təqdirdə qardaşları şərləyərək onlardan alacağı pullarla bizə olan borcunu ödəyəcək. Nərimanov rayon prokurorluğunda da bizə dedilər ki, Ramil və Vasif Aslanov qardaşlarına qarşı ifadə verəcəyimiz təqdirdə borclarımız ödəniləcək.
Ramil və Vasif Aslanov qardaşlarının təqsirləndirilmələrinə dair cinayət işinə hazırda Nərimanovrayon məhkəməsində baxılır. Lakin, həmin iş üzrə guya zərərçəkmiş olan Elmir Həsənov məhkəməyə gəlmədiyi üçün proses bir neçə dəfədir ki, təxirə salınır. Bu səbəbdən də Həsənov Elmir Abid oğlunu görə bilmirik. Məhkəmədə olarkən eşitmişik ki, Həsənov Elmir Abid oğlu Azərbaycanı tərk edərək Türkiyəyə gedib.
Bizi maraqlandıran əsas məsələ ondan ibarətdir ki, necə olur ki, hüquq mühafizə orqanları onun yalançı şikayətinə reaksiya verərək Ramil və Vasif Aslanov qardaşlarına ittiham verir, lakin biz haqlı olduğumuz halda onunla bağlı şikayətimizə baxmır”.
Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları Azərbaycan Respublikası CM-nin 145.2.4 (Qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirləndirilir.
İttihama görə, həbs olunan qardaşlardan biri Ramil Aslanov iş icraçısı kimi general Teymur Quliyevin Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev 34 saylı ünvanda yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib. Tərəflər villarının üzlük işlərinin ay yarıma tamamlanması üçün 2015-ci ilin mayında razılaşıblar, bu məqsədlə “podratçı” qismində çıxış edən Aslanov 45 min manat verməliydi.
Lakin ittiham aktından məlum olur ki, iş prosesində “podratçı” ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.
Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş Elmir Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bəhanə edərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı Vasif Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.
Həbs edilən şəxslər Qazaxıstan prezidentinin, Dağıstanın ədliyyə nazirinin, Azərbaycanda bir sıra yüksək vəzifəli şəxslərin villalarında da təmir işləri həyata keçiriblər.