"Hər dəfə Axundovların mülk şəbəkəsindən nəyinsə aşkar olunması biz zərərçəkənlərin heysiyyatına toxunur”
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dəyəri milyonlarla manat olan daha bir obyekti üzə çıxıb. Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsindəki beş mərtəbəli obyektdən gedir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanovun imzaladığı məktubda da həmin obyektin deputat oğluna məxsus olduğu göstərilib.
Qeyd edək ki, son vaxtlar mediada Elmira Axundova və oğlu Həbib Axundovun bir xeyli evləri, obyektləri barədə məlumatlar yayılıb, özü də konkret faktlar, sənədlərlə. Həbib Axundovun adı həm də Bakı şəhər Baş Polis İdarəsində istintaqı gedən bir cinayət işində hallanır. Söhbət bir qrup şəxsin biznes qurmaq adı ilə aldadılıb 1 milyon manatdan çox pulunun əlindən alınmasından gedir. Şikayətçilər bildirirlər ki, onlardan pulu Həbib Axundov və dostu Elnur İbrahimov alıb.
Həbib Axundov həmin adamları tanımadığını, onlardan pul almadığını desə də, qarşı tərəf ortaya sübut kimi, telefon danışıqları, SMS-lər qoyur.
"Hər dəfə Axundovların mülk şəbəkəsindən nəyinsə aşkar olunması biz zərərçəkənlərin heysiyyatına toxunur, əsəblərimiz pozulur. Elmira Axundova mətbuatda çıxışlarında əldə etdikləri əmlakların jurnalist fəaliyyətindən qazandığı vəsait hesabına sahib olduqlarını deyir. Halbuki, həmin qonorar Bakı şəhəri Aşıq Alı küçəsində yerləşən və oğlu Həbib Axundovun adına 0.25 hektar torpaq sahəsində inşa olunmuş mülkün heç birinci mərtəbəsini almağa kifayət etməz”, – deyə Axundovlardan şikayətçi olan vətəndaşlar deyir.
Qeyd edək ki, Həbib Axundov özü də 1 dekabr 2006-cı ildən 1 iyul 2015-ci ilə qədər Dövlət Gömrük Komitəsində komitədə növbətçi hissədə inspektor vəzifəsində işləyib. Aylıq əməkhaqqı isə 486 manat olub. Elmira Axundova oğlunun adının hallandığı məsələlərə münasibət bildirərkən deyib ki, Həbib Axundov 12 ildir ki, biznes fəaliyyətilə məşğul olur. Halbuki, Dövlət Gömrük Komitəsinin əməkdaşının biznes fəaliyyətilə məşğul olmasını qanun qadağan edir.
Elmira Axundova 2010-cu ildə müsahibəsində belə demişdi: "Bu böyük, qəşəng evi Heydər Əliyev mənə 2003-cü ildə bağışlayıb, yoxsa mən belə evdə heç vaxt yaşaya bilməzdim. Adi jurnalist idim, mənim nə gəlirim var idi? Bu ev üçün xahiş də etməmişdim, sadəcə, bilirdi ki, biz köhnə evdə yaşayırıq”.
Qeyd edək ki, son vaxtlar mediada Elmira Axundovanın "Port Baku Residence”də evindən tutmuş, paytaxt ərazisində bir neçə mərtəbəli obyektinə qədər bir sıra obyektləri üzə çıxıb.
"Hesab edirik ki, "piramida biznesi” adı ilə Həbib Axundov və Elnur İbrahimovun bizdən aldıqları ümumilikdə 1 milyon 97 min manata özlərinin biznes, əmlak şəbəkələrini genişləndiriblər”, – deyə şikayətçilər bildirir.
Elmira Axundova bir müddət əvvəl mətbuata açıqlamasında oğlunun ünvanına deyilənləri təkzib edib. Bildirib ki, şikayətçi olan şəxslərdən pulu Həbib Axundov yox, Elnur İbrahimov alıb, onun da barəsində axtarış qərarı çıxarılıb.///azadliq.info