Artıq neçə müddətdir ki, bizimdovr.az-ın poçtuna daxil olan məlumatlarda 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin fəaliyyətində müşahidə olunan çoxsaylı maxinasiyalardan bəhs olunur. Bu mövzuda qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda da qeyd olunduğu kimi, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən bu müəssisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir, Tovuz, Gədəbəy ərazisindən keçən hissəsinə xidmət göstərir. İdarənin funksiyalarına ağacların əkilməsi, budama, xəstəliklərə və ziyanvericilərə qarşı profilaktik tədbirlərin görülməsi və sairə vəzifələr aiddir. Bununla belə, rəis Vasif Məmmədovun tətbiq etdiyi yarıtmaz idarəçilik üsulları ucbatından, idarə hazırda bu vəzifələrinin öhdəsindən gələ bilmir. Mənbələrin iddiasına görə, hal-hazırda 8 saylı Yol Yaşıllaşdırma İdarəsinin resurs və potensialından məqsədyönlü şəkildə, qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün səmərəli istifadə olunmur. Yerinə yetirilmiş kimi göstərilən işlərin həcmini ifadə edən rəqəmlər isə, əslində xeyli “şişirdilir”. Həmçinin açıqlamalarda vurğulanır ki, bütün bu maxinasiyaların həyata keçirilməsində rəis Vasif Məmmədovla yanaşı idarənin mühasibi Şirməmməd də həlledici rol oynayır. Mənbənin deməyinə görə, idarənin ştatında olan 100 nəfərdən artıq işçinin yarısından çoxu günlərlə işə çıxmır. Maraqlanan olanda, rəhbərlik tərəfindən belə məlumat verilir ki, guya həmin işçilər sahələrə ezam olunublar. Əslində isə, bu ştatlardan artıq çoxdan köhnəlmiş, lakin bu gün də işləkliyini saxlamış mənimsəmə maxinasiyaları üçün istifadə olunur. Yəni həmin ştatlarda “ölü canlar” saxlanılır. Onlara məxsus maaş kartları isə, idarənin rəhbərliyində saxlanılır.
Eyni zamanda da mənbələr iddia edirlər ki, bu gün Vasif Məmmədov rəhbərlik etdiyi müəssisədə işə qəbul məsələlərində də ciddi qanun pozuntularına yol verir: “Vasif Məmmədov idarədəki iş yerlərini də satışa çıxarıb. Belə ki, o, mütəmadi olaraq idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq, yenilərini təyin edir. Onun işçiləri alçaltdığını, onları təhqir etdiyini də hamı bilir. Rəis həm də idarənin su maşınlarını fərdi sifarişlər əsasında əlavə işə göndərir. İşçiləri onlara aid olmayan işlərdə çalışdıraraq, bunun müqabilində sifariş verən sahibkarlardan külli-miqdarda pul alır və həmin pulu da öz cibinə qoyur. İşlərini itirmək istəməyən fəhlələr isə, etiraz edə bilmir və Vasif Məmmədovun dediyini yerinə yetirmək məcburiyyətində qalırlar...” Bir başqa məlumatda da belə bir məqam xüsusi olaraq vurğulanır ki, Vasif Məmmədovu “Azəravtoyol” ASC-də birbaşa himayə edən şəxs, qurumun sədr müavini- Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevdir. Qeyd edək ki, bu məmurların hər ikisi əslən Tovuz rayonundandır. Buna görə də, aralarında kifayət qədər yaxın münasibətlər mövcuddur. Eyni zamanda da, iddialara görə, Əvəz Qocayev idarə müdirini himayə etməklə, onun müxtəlif maxinasiyalardan əldə etdiyi külli-miqdarda gəlirlərə də şərik olur. 8 saylı Yol Yaşıllaşdırma İdarəsində hazırda ikili mühasibatlığın aparıldığı da nəzərə alınarsa, bu zaman bu müəssisənin “istismarından” əldə olunan gəlirlərin də kifayət qədər böyük məbləğlərdə ifadə olunduğunu anlamaq çətin olmaz...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.