Nadir İsrafilov: «Qiymətlər həddindən artıq şişirdilib və əslində, onlarda verilən təhsilə adekvat da deyil»
Tədris ilinin sonuna bir aydan az vaxt qalıb. Növbəti tədris ilində birinci sinfə gedəcək uşaqlar üçün indidən sənəd qəbulu başlayıb. "Bəs, uşağı hansı məktəbə oxumağa qoyaq?" Bu sual övladını birinci sinfə hazırlayan hər bir valideyni düşündürür.
"Təhsil haqqında" qanun Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və özəl təhsil müəssisələrinin fəaliyyətinə icazə verir. Ancaq ölkəmizdə bələdiyyə təhsil müəssisələri yoxdur, özəl orta məktəblər isə az da olsa var.
Baku Oxford School
Dövlət məktəbləri, bütün qeyri-rəsmi pul yığılmalarına baxmayaraq, pulsuz sayılır. Valideynlər burada təhsilin zəif olmasını əsas gətirərək, övladlarının özəl orta məktəblərdə oxumasını istəyirlər. Həmin məktəblərdə təhsilin səviyyəsi yüksək olsa da, qiymətlər ürəkaçan deyil. Özəl məktəblərdə illik xərcləri orta aylıq əmək haqqından 12 dəfə, bəlkə də 20 dəfə çoxdur.
Mövzu ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov "Bizim Yol" qəzetinə bildirdi ki, dövlət məktəblərində təhsilin zəif olması barədə cəmiyyətdə yaranan stereotip istər-istəməz bir çox valideynləri övladlarını məhz özəl orta məktəblərdə oxutdurmağa sövq edir: "Bununla belə həmin məktəblərdə təhsilin səviyyəsi əksər dövlət təhsil müəssisələrindəkindən yüksək olsa da, əslində təhsil haqqı heç də orta statistik azərbaycanlını məmnun etmir. Çünki illik xərclər orta aylıq əmək haqqımızdan 10, bəzən də 15-20 dəfə artıqdır. Baxmayaraq ki, təhsilimiz üçün əhəmiyyətli rol oynaya biləcək bu sferada xüsusilə maddiyyatla bağlı müəyyən problemlər var, özəl təhsil sektoru öz inkişafında israrlı olaraq qalmaqdadır.
The İnternational School of Azerbaijan
Son illər "TİSA- İnternational School of Azerbaijan", "British School", "Bakı-Oksford", "XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi", "İdrak" liseyi, "Kaspi" liseyi, "Dünya" Məktəbi, "Avropa-Azərbaycan" məktəbi və bir çox digər adlarda özəl məktəb və liseylər yaradılıb ki, bunlarda da illik təhsil haqqı siniflərdən və digər şərtlərdən asılı olaraq 5500-manatdan 15-30 min manat, hətta bəzi mənbələrə görə 40 min manat arasında dəyişir.
Özəl orta təhsil müəssisələri və liseylərdə illik təhsil haqqı fərqlidir. Hər məktəbin formalaşdırdığı qiymətlər var. Məsələn, ingilis dilli məktəblərdə qiymətlər digər orta məktəblərə nisbətən daha bahadır.
Tam əminliklə hesab etmək olar ki, əksəriyyət özəl orta məktəblərdəki qiymətlər həddindən artıq şişirdilib və əslində, onlarda verilən təhsil tələb edilən təhsil haqqına adekvat da deyil. Qalan məktəblərdə isə əsasən məmurların uşaqları oxuyur, hərçənd onların rəsmi maaşları bundan xeyli aşağıdır. Əhalinin bir hissəsi də övladlarını təhsilin çox da yüksək olmadığı dövlət məktəblərdə oxutdurmağa məcburdur.
Əgər hər hansı bir müqayisə aparılsa, açıq-aydın görünəcək ki, vətəndaşların aylıq orta əmək haqqı nisbətində ölkəmizin özəl məktəblərində təhsil alması bir çox qərb ölkələrindən on dəfələrlə baha başa gəlir. Buna görə də əksəriyyət məhz xarici ölkələrdə təhsil almağa üstünlük verir ki, bu da öz növbəsində ölkəmizdən beyin axınına münbit şərait haradır".
XXI Əsr Məktəbi
N.İsrafilov bildirir ki, qərbin bir çox özəl orta məktəblərində uğurla təhsil alan tələbələr üçün qrantlar və adlı təqaüdlər sistemi nəzərdə tutulur: "Bu, valideynlərin çəkdiyi ilkin xərcləri əhəmiyyətli dərəcədə kompensasiya edə bilir. Ayrı-ayrı hallarda özəl məktəbin müdiriyyəti istedadlı uşaqları qismən ödəniş müqabilində və ya təmənnasız olaraq məktəbə qəbul edir. Təəssüf ki, bizim ölkəmizdə bu cür təcrübə vüsət almayıb.
Ona görə də təhsilin bu özəl sektorunu inkişaf etdirmək, ona olan marağı daha da artırmaq, mövcud problemləri nizamlamaq, əhalinin sosial tərkibindən asılı olmayaraq hər bir təbəqəyə maddi cəhətdən əlçatan etmək üçün təşkilati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var.
Digər tərəfdən özəl orta təhsil müəssisələrinə öz işlərini daha səmərəli qurmaqda və inamlı təsir bağışlamaqda onlara dövlət dəstəyinin də böyük təsiri ola bilər. Bu çox vacib şərtlərdən biridir".
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda özəl orta məktəblərin təhsilinin keyfiyyəti tələb olunan məbləğə uyğun deyil: "Qiymətlərin bu qədər süni olaraq artırılması həmin məktəblərə tələbatın olmasından irəli gəlir. Təhsil haqqının yüksək olmasının hər hansı bir əsaslandırılması yoxdur. Məsələn, ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərin əksəriyyəti dövlət məktəblərində təhsil alan şəxslərdir".
Qeyd edək ki, Azərbaycanda ilk özəl orta məktəb olaraq 1996-cı ildə ölkəmizdə TİSA (The İnternational School of Azerbaijan) fəaliyyətə başlayıb. Sonra isə bu siyahıya Bakıda kifayət qədər nüfuz qazanan "Baku Oxford School", "XXI Əsr Mərkəzi" və "Quality Schools International"a daxil olan "Baku International School" məktəbi də daxil oldu. "Quality Schools International"ın saytında araşdırma apararkən məlum oldu ki, bu şirkətin şəbəkəsinə daxil olan təhsil müəssisələrindən də biri Ermənistanın paytaxtı İrəvanda fəaliyyət göstərir.