BMT-nin Əhali Fondunun Bakıdakı nümayəndəliyinin müşaviri Fərid Babayev bildirib ki, Azərbaycan doğulan uşaqların cins nisbətinin pozulmasına görə dünyada ikinci yerdədir. Onun sözlərinə görə, hazırda ölkəmizdə 116 oğlana 100 qız düşür. Yəni doğulan oğlanlar qızlardan 10-11 faiz çoxdur. O qeyd edib ki, cinsi nisbətin pozulmasının qarşısı alınmasa, gələcəkdə kişilərin sayı artacaq və sonra gender bərabərliyini bərpa etmək çətin olacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliklə selektiv abort qadağan edilib.
“Buna baxmayaraq, həkimlər hamilə qadınlara uşağın cinsiyyətini deyir, oğlan olanda saxlanılır, qız olanda isə abort edilir. Bu problemi təkcə sərt qadağalarla həll etmək mümkün deyil. Bunun üçün təbliğat aparılmalıdır. İslamda qız uşaqlarının məhvi yaxşı qarşılanmır və bununla bağlı kəlamlar var. Bu işdə jurnalistlərin də üzərinə yük düşür. Abort edən həkimləri ifşa etmək, ictimai qınağa cəlb etmək lazımdır. Eyni zamanda Səhiyyə Nazirliyi də selektiv abortların qeydiyyatını aparmalı və buna qaşrı addımalr atılmalıdır”.
Komitə sədri Azərbaycanda o qədər də təhlükəli vəziyyətin yaranmadığını vurğulayıb. “Çünki Azərbayanda təbii artım var. Bizim cəmiyyətin indi belə dövrüdür. Bu özü tənzimlənəcək”.