Azərbaycan həkimləri Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudovun təşkilatçılığı ilə daha bir aksiyaya imza atdılar.
Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən "Ürək-damar xəstəliklərinin bu günü və gələcəyi" mövzusunda VI regional elmi-təcrübi konfrans keçirilib.
Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, ürək-damar cərrahı Rəşad Mahmudov müxbirimizlə söhbətində bildirib ki, konfransın keçirilməsində məqsəd bu sahədə olan mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi və tədqiqatların aparılmasıdır.
O, qeyd edib ki, konfrans çərçivəsində Naxçıvanda 22 açıq ürək əməliyyatının icrası nəzərdə tutulur.
Konfrans Azərbaycan və Naxçıvan MR-in Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.