90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev Şuşanın işğalı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
A.Əliyev Trend-ə açıqlamasında bildirib ki, hələ 1992-ci il aprelin 4-də “Sovetskiy Karabax” qəzetində Seyran Ohanyanın müsahibəsi çap olunmuşdu:
“Ohanyan müsahibədə qeyd etmişdir ki, Şuşa da Xocalı kimi işğal olunmalıdır. Azərbaycanın da bundan xəbəri var idi. Azərbaycanın o dövrdəki rəhbərliyinə bu barədə çatdırılmışdı, lakin heç bir tədbir görülmədi. Həmin dövrdə Şuşada bir neçə batalyon var idi. Hər batalyonın rəhbəri liderliyə iddia edirdi və bir batalyon digərinə tabe olmurdu. Vahid komandanlıq yox idi”.
A.Əliyev deyib ki, Şuşanın işğalından qabaq Azərbaycanın o dövrdə müdafiə naziri olmuş Rəhim Qazıyev əks hücümun hazırlanmasını istəyirdi: “O dövrdə korpus komandirinə Xankəndində olan rabitə nöqtələrini göstərdim və qeyd etdim ki, bunları vurmaqla ermənilərin rabitə əlaqələrini məhv edərik. Artilleriyanın komandirinə səhərisi gün o nöqtələri göstərdim. Yaxınlaşdırıcı hərbi cihazla baxanda gördük ki, dağlarda erməni hərbçiləri yığışırlar. Ancaq heç bir əks-hücum olmadı və nəticədə ermənilər Şuşanı işğal etdi”.
MTN-nin sabiq əməkdaşı qeyd edib ki, 1991-ci ilin dekabrında Şuşa rayon icra başçısı Mikayıl Gözəlovla Bakıdan əlaqə saxlayıb: “Mikayıl Gözəlov dedi ki, bir gün sonra sənə Şuşakəndlə bağlı yaxşı məlumat verəcəyəm. Oradakı erməni hərbçilərini məhv etmək üçün hücum hazırlanırdı. Lakin həmin gün Mikayıl Gözəlovu iş otağında güllələdilər. Bunlar hamısı Şuşanı süquta aparan yollar idi”.
A.Əliyev daha sonra deyib ki, Rəhim Qazıyev Şuşanın mühafizəsini öz üzərinə götürdüyünü elan etdi və yerli hərbçiləri postlardan uzaqlaşdırdı: “Komendant saatı elan etdi. Kim çölə çıxırdısa, 30 sutka həbs cəzası verilirdi. Ona görə Şuşa əhalisi şəhərdən çıxmağa başladı. Gərək o vaxt yerli əhali Rəhim Qazıyevin sözünə baxmayaraq, özləri Şuşanın müdafiəsini təşkil edərdi. Naxçıvanda Rəhim Qazıyev gələndə qovmuşdular”.
MTN-nin sabiq məsul əməkdaşı vurğulayıb ki, Rəhim Qazıyev xarici kəşfiyyata işləyib: “Videokadr var ki, Rəhim Qazıyev o vaxt Qraçovla yeyib-içib və pul dolu diplomat verib”.
Onun sözlərinə görə, hələ 1992-ci ilin fevralında birinci dəfə Şuşanı “Kristal” raketlərlə vurublar. Bir neçə ev yanıb: “Bu ərəfədə Şuşanın icra başçısı Mənsur Məmmədov telefonla Bakıya zəng etdi. Dedi, siz deyən vəziyyət yaranıb. Köç maşınları göndərin. Bir gündən sonra köç maşınları gəldi. Əhali köçməyə başladı”.
A.Əliyev qeyd edib ki, Serj Sərkisyanın Qarabağın işğalında böyük rolu olub: “Sərkisyan xarici qüvvələrin sifarişini yerinə yetirirdi. Sərkisyan, Köçəryan erməniləri məcbur edirdilər ki, işğalçılıq siyasəti aparsınlar. Yetərincə kəşfiyyat məlumatlarımız olurdu, lakin o vaxtkı rəhbərlik heç bir addım atmırdı”.