Lerikin millət vəkili İqbal Məmmədov və ailə üzvləri ilə bağlı Qaynarinfo.az-a şikayət məktubu daxil olub. Əliyeva Kəbirə Murtuz qızının yazdığı məkbutda ilginc faktlar yer alıb.
Şikayətçi bildirir ki, Lerikin Piran kəndində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olan "Lerik Broyler" MMC ("Lebro") ətraf mühiti çirkləndirmək, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğuldur. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan - özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.
İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur. Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.
Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur.
Sakinlər indiyədək millət vəkilinin qanunsuz əməlləri barədə dəfələrlə aidiyyatı qurumlara şikayət edib. Hər dəfə şikayətlər araşdırılması üzrə yerli qurumlara göndərilib. Lerikin bütün dövlət qurumlarında İqbal Məmmədovun "kadrları" olduğundan heç bir tədbir görülməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də "Lerik Broyler" MMC-ni dəfələrlə cərimələdiyi bildirilir. Amma bu, millət vəkili və ailəsinin qanunsuz əməllərdən əl çəkməsi üçün yetərli olmayıb.
Təbii ki, bütün bunlar təbiətin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olur. Lerik Azərbaycanın dilbər guşələrindən biri, həmçinin uzun ömürlülər diyarı hesab olunur. Amma millət vəkili cibini doldurmaq üçün bu gözəlliyin məhvinə çalışır.
Bir müddət əvvəl Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi "Lerik Broyler"in istismarının müvəqqəti dayandırılması və fəaliyyətinin qadağan edilməsi barədə qərar versə də, millət vəkili öz əlaqələrindən istifadə etməklə Şirvan İnzibati-İqtisadi Məhkəməsində dövlət qurumunun qərarının ləğv edilməsinə nail olub.
Ötn gün isə şirkətdə təhlükəsizlik tədbirlərinin ümumiyyətlə çox aşağı səviyyədə olması işçilərdən birinin faciəli ölümü ilə nəticələnib. Belə ki, "Lerik Broyler” fabrikində elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb. Göründüyü kimi, "Lerik broyler" həm kollektivi, həm ətraf mühit, həm də ümumilikdə Lerik üçün cddi təhlükə mənbəyinə çevrilib.
Aşağıda isə sizə təqdim etdyimiz video kadrlarda "Lerik Broyler" fabrikinin xəstə və tələf olmuş yüzlərlə toyuqdan neçə açıq şəkildə zibillik yaratdığı əks olunub. Qayadalara görə isə, bu cür xəstə toyuqlar çox təhlükəli dəyərləndirildiyi üçün, onlarəın öncə yandırılması, daha sonra isə çox dərinə basdırması tələb olunur. Məhz bu qaydalara əməl edilmədiyinə görə də, ətrafa ciddi yoluxucu xəstəliklər yayılır və sakinlərin öz şəxsi təsərrüfatında saxladığı heyvanlar da qırılır. Bu faktlar da təqdim etdiyimiz fotolarda öz əksini tapıb.
Təqdim etdiyimiz faktlarla bağlı bu dəfə dövlət qurumlarının daha ciddi davranacağına ümid edirik.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!