Birinin ölümünə, digərinin isə həbsə düşməsinə səbəb olan İlham Əsgərli kimin sayəsində hələ də azadlıqdadır?
Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Asif Əsgərovun oğlu İlham Əsgərlinin törətdiyi ağır yol nəqliyyat hadisəsi hələ uzun müddət yaddaşlardan silinməyəcək. Çünki bu gəncin törətdiyi ağır qəza iki ailəni gözü yaşlı qoyub. Bir tərəfdə «Mc Donalds» Azərbaycanın rəhbəri Maqsud Mirzəyevin ailəsi, digər tərəfdə isə “Howo” markalı yük maşınının sürücüsü Əhliman Süleymanovun ailəsi. Xatırladaq ki, Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölümü ilə nəticələnən yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. Birlikdə təhsil alan və dost olan İlham Əsgərli ilə Sənan Mirzəyev həmin gün Şüvəlana “Paintball” oynamağa gediblər. İlham Əsgərlinin idarə etdiyi “Mercedes S500” markalı avtomobil yolda arxadan Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Nəticədə Sənan Mirzəyev dünyasını dəyişib, İlham Əsgərli, eləcə də hadisə zamanı maşında arxa oturacaqda olmuş sürücüsü Pərvin Fətullayev isə xəsarət alıb. Qeyd edək ki, hadisə ilə əlaqədar İlham Əsgərli ilə yanaşı, yük maşınının sürücüsü, Qəbələ rayonunun Karxana kənd sakini Əhliman Süleymanov da məsuliyyətə cəlb olunub. Hərçənd, cinayət işinin materiallarında da rəy var ki, İlham Əsgərli avtomobili 200 km. saat/sürətlə idarə edib və ötmə qaydasını pozub, nəticədə də arxadan yük maşınına dəyib. Sürət elə bir həddə olub ki, toqquşma nəticəsində yük maşınını yoldan çıxarıb kənardakı qumsallığa aşırıb.
Həm İlham Əsgərli, həm də Əhliman Süleymanov ibtidai istintaq və bu işə məhkəmədə baxıldığı dövrdə azadlıqda olub. Təqsirləndirilən şəxs qismində tanınsalar da, İlham Əsgərli barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri, Əhliman Süleymanov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlham Əsgərliyə 5 il 6 ay, Əhliman Süleymanova isə 6 il həbs cəzası verildi. Başqa sözlə, yük maşınının sürücüsünə icra başçısının oğlunun qarşısına çıxdığına görə ən ağır cəza verildi. Onların hər ikisi 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunan gün məhkəmə zalında həbs olundular. Sonradan – iyunun 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulov CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin etmə) maddəsini tətbiq edərək, icra başçısının oğlunun cəzasını 3 ilə endirdi. Amma Əhliman Süleymanova verilmiş maksimum cəza elə olduğu kimi saxlanıldı. Gundelik-baku.com-un araşdırmasına görə, İlham Əsgərli həbs olunandan sonra Kürdəxanıdakı istintaq təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.
Qəza zamanı aldığı xəsarətlə əlaqədar həbs olunarkən də, ondan sonra təcridxanada da qoltuq ağacı ilə hərəkət edirmiş. O, daha sonra – iyulun 6-da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Elə həmin ərəfədə vəkili Cabir Mehrəliyev ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib və “cəzanın çəkilməsinə mane olan xəstəliyilə əlaqədar cəzanı çəkməkdən azad edilməsinə dair” qərar çıxarılmasını istəyib. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfael Mehdiyevin sədrliyilə, idarənin rəis müavini İftixar Qurbanovun da daxil olduğu komissiya rəy verib ki, “Müalicə Müəssisəsində aparılan müalicələr effektiv olmayıb, onun müalicəsinin xüsusi şəraitli ixtisaslı tibb müəssisəsində həyata keçirilməsi zəruridir. Penitensiar Xidmətin tabeliyində olan Müalicə Müəssisəsində belə şərait yoxdur. İlham Əsgərlinin xəstəliyilə əlaqədar müalicəsi isə davam etdirilməlidir. Əks təqdirdə, xəstəliyi ən yaxşı halda, onun sol aşağı ətraf oynağında hərəkət məhdudluğuna, əmək qabiliyyətinin itirilməsinə və əlil olmasına gətirib çıxara bilər”. İftixar Qurbanov Sabunçu Rayon Məhkəməsinə bu rəylə yanaşı, özünün ayrıca məktubunu da göndərib və məktubda da icra başçısının oğlunun şəxsi keyfiyyətləri barədə fikirlərini bildirib. Məsələn, onun ilk dəfə cinayət törətdiyini və bu əməlin ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aid olduğunu, həbsdə olduğu müddətdə özünü tərbiyəli, intizamlı, daxili rejim qaydalarına əməl edən şəxs kimi göstərdiyini yazıb. Məhkəmənin hakimi Anar Qasımov da 12 noyabr 2015-ci ildə CM-nin 78.2-ci (cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər) maddəsinə əsaslanaraq, İlham Əsgərlinin cəzadan azad edilməsinə dair qərarı imzalayıb. Beləliklə, icra başçısının oğlu həbs olunduqdan düz 6 ay sonra cəzadan azad edilib. Göründüyü kimi, Asif Əsgərov müxtəlif vasitələrə əl ataraq və əlindəki imkanlardan istifadə edərək bir nəfərin ölümünə səbəb olmuş oğlunu həbsdən azad etməyi bacarıb. Amma bu, sırf qanun pozuntusu və özbaşınalıqdır. İlham Əsgərli törətdiyi cinayət əməlinə görə ona kəsilmiş cəzanı günəgün çəkməli idi. Nə olsun ki, onun atası icra başçısıdır. İcra başçısının oğlu olanda qaydanı pozmalısan? İlham Əsgərli bir nəfərin ölümünə, bir nəfərin isə günahsız yerə həbsə düşməsinə səbəb olub. Özü isə azadlıqda gəzir və kef çəkir. Bu nə dərəcədə doğrudur? Onun bu gün azadlıqda gəzməsi digər məmur övladlarının da belə əməllər törətməsinə təkan verə bilər. Odur ki, İlham Əsgərlinin törətdiyi cinayət hadisəsi ilə bağlı iş yenidən məhkəməyə qaytarılmalı və icra başçısının oğlunun qollarına qandal vurulmalıdır. Bəlkə o zaman dünyasını dəyişən Sənan Mirzəyevin ailəsinə təsəlli olar. Gundelik-baku.com
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.