Dağlıq Qarabağdakı təmas xəttində situasiya yenidən gərginləşib. Belə görünür, 4 günlük müharibədə ciddi zərbə alan işğalçı Ermənistan sülhə daha meylli olmaq əvəzinə, diplomatik prosesdən çıxmağa çalışır və hansısa hərbi revanş istəyi ilə alışıb-yanır. Bu isə yeni və daha genişmiqyaslı müharibə ehtimalını sövq-təbii artırır.
Sözsüz ki, cəbhədəki son təxribatlar öncəliklə hakimiyyəti üçün daxildən təhlükə hiss edən Serj Sərkisyanın öz sifətini qismən bərpa eləmək, aprelin 5-dən sonra cəmiyyətə, orduya hakim kəskin ruh düşkünlüyünü aradan qaldırmaq niyyəti ilə bağlıdır. Bəzi müşahidəçilərə görə, təxribatçı hücumlar Bakıdakı BMT forumu ilə də ilgili ola bilərdi. Yəni düşmən bununla ali toplantıya etirazını ortaya qoymağa, onun əhəmiyyətini azaltmağa və hətta pozmağa səy edir.
Maraqlıdır ki, işğalçı ölkənin azğınlaşması xüsusən də Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvan səfərindın dərhal sonra özünü büruzə verməyə başlayıb. Nazirin İrəvanda Sərkisyana nə dediyi, ondan nələr istədiyi dəqiq bəlli deyil. Ancaq fakt odur ki, Rusiyanın baş diplomatı geri qayıdan kimi, Sərkisyan “Bloomberg” agentliyinə müsahibəsində ölkəsinin danışıqlar prosesindən çıxdığını dilə gətirib, Rusiyanın vasitəçiliyini, onun Qarabağda sülhməramlı qüvvələr yerləsdirməsinin mümkünlüyünü şübhə altına alıb. Sonuncu məsələ isə Kreml üçün olduqca mühüm, hətta həlledici məsələdir.
Bəs nə baş verir, vassal Ermənistan həqiqətənmi öz sahibinin üzünə ağ olmağa başlayıb, yoxsa? İndi hamını düşündürən sual məhz budur. Şübhə yox ki, baş verəcək yeni eskalasiyalarda da yüzdə-yüz Rusiya amili mərkəzi təsirə malik olacaq. Məsələ də elə ondadır ki, görəsən, Kreml rəhbərliyində 4 günlük savaşdan sonra Qarabağla bağlı konkret hərəkət planı varmı? “Kazan formulu” gerçəkdənmi prezident Vladimir Putinin müşaviri, politoloq Sergey Markov demiş, stol üstündədir, yoxsa bizə məlum olmayan başqa planlar (A, B, C,) və ssenarilər də işlənib hazırlanıb?
***
Yada salaq ki, az öncə Markov Lavrovun İrəvandakı Qarabağ danışıqlarını şərh edərkən konfliktin siyasi həlli yolunda əsas maneənin məhz İrəvanın ona sərfəli status-kvodan imtina etmək istəməməsi ilə bağlamışdı. ““Kazan formulu” təkcə ona görə baş tutmayıb ki, sülh prosesinə müxtəlif baxışlar mövcuddur, həm də o səbəbə alınmayıb ki, Ermənistan, ümumiyyətlə, kompromislər üçün “əldən getməyib”, buna həvəs göstərməyib. İrəvan, sadəcə, hər şeyin indiki kimi qalmasını istəyib. Ancaq son döyüş əməliyyatları həm Ermənistan, həm Rusiya, həm Fransa və ABŞ rəhbərliyinə, həm də digər beynəlxalq təşkilatların nümayəndələrinə təsir edib və göstərib ki, bu cür boş oturmaq sonsuz davam edə bilməz. Əgər cari danışıqlar da uğursuz olsa, növbəti eskalasiya qaçılmaz olacaq və o zaman yəqin ki, işğal altındakı müəyyən ərazilər Azərbaycanın nəzarətinə qayıdacaq", - deyə politoloq işğalçı tərəfə xəbərdarlıq eləmişdi.
Rusiyalı başqa tanınmış politoloq, tarixçi və siyasi analitik, tarix elmləri doktoru Oleq Kuznetsov isə yaranmış durumda Kremlin Qarabağla bağlı 3 mümkün ssenarisinin ola biləcəyini deyir:
“Ssenari 1. Rusiya Ermənistanda dövlət çevrilişini təmin edir. Nəticədə Sərkisyan-Köçəryanın ”Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırılır. Ardınca erməni cəmiyyətinin aktiv demokratikləşməsi və yeni siyasi rejimin qurulmasına şərait yaradır. Bu zaman təbii ki, işğal altındakı ərazilər Azərbaycanın yurisdiksiyasına qaytarılır. Rusiya Ermənistan total nəzarəti itirsə də, Azərbaycanla strateji tərəfdaşlığını saxlayır, Türkiyə ilə dostluq əlaqələrini bərpa edir, müsəlman dünyasında əvvəlki nüfuzunu geri qaytarır.
Ssenari 2. Moskva Trotskinin “Nə hərb, nə sülh” prinsipinə əsaslanmaqda davam edir və dəvəquşu siyasəti aparır. Bu zaman Bakı 2-5 apreldə olduğu kimi, vaxtaşırı lokal hücum əməliyyatları keçirmək üçün real imkanlar əldə edir və dəfədən-dəfəyə öz qoşunlarının döyüş bacarığını təkmilləşdirir. Hər belə döyüş toqquşması əvvəlcə təbliğati isteriyanın qızışması ilə müşayiət olunacaq. Ancaq insidentlərin sayı artdıqca dünya onlara öyrəşəcək və daha reaksiya verməyəcək. Bu da yekun etibarilə erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına gətirəcək. Rusiya bu zaman Ermənistana təsirini bütünlüklə itirəcək, Türkiyə ilə əlaqələri bərpa etməyəcək, Mərkəzi Asiya ölkələrinə təsiri azalacaq və perspektivdə KTMT-nin dağılması ilə üzləşəcək.
Ssenari 3. Rusiya Dağlıq Qarabağda növbəti hərbi qarşıdurmanın kəskinləşməsi halında Ermənistan tərəfdə genişmiqyaslı müharibəyə cəlb olunur. Bu zaman düşmən qismində təkcə Azərbaycanı yox, Türkiyəni, Pakistanı, Orta Asiya ölkələrini qazanır, üstəlik, konsolidasiya olunmuş Qərb tərəfdən siyasi və iqtisadi istiqamətlər üzrə misli görünməmiş təzyiqlərə tuş gəlir. Vaşinqtondakı siyasi strateqlər məhz bu ssenariyə bel bağlayırlar. Bu ssenari nəticəsində Ermənistan dünya xəritəsində siyasi vahid olaraq öz mövcudluğunu dayandırır. Rusiya özünə qarşı islam dünyası qismində birləşmiş düşmən qazanır, Qafqaz və Orta Asiyada hər hansı təsirini itirir və yekun etibarilə dünya arenasında qlobal oyunçudan Fransa kimi nüvə silahına malik regional dövlətə çevrilir - qlobal siyasi məğlubiyyət isə yalnız zaman məsələsi olur".
Politoloq Kremlin ssenarilərdən hansına üstünlük verəcəyini söyləməkdə çətinlik çəkir.
“Ancaq bir şeyə əminəm: 2-5 aprel döyüşlərindən sonra Güney Qafqazda situasiya kardinal şəkildə dəyişib və Kreml buna qətiyyən hazır olmayıb. Bu üzdən də onun hərəkətlərində təlaş və ürkəklik var. Mən əmindən də artıq əminəm ki, bu dəqiqə Rusiya XİN-i və Prezident Administrasiyası özləri özlərini saldıqları geosiyasi dalandan təcili çıxış yolu axtarır” - sonda ekspert əlavə edib.
***
Dağlıq Qarabağ ətrafındakı situasiyanın sadalanan ssenarilərdən hansı biri ilə inkişaf edəcəyini söyləmək həqiqətən də çətindir. Çox şey yəqin ki, önümüzdəki həftələrdə, Kremlin Qarabağla bağlı əsas istəyi üzə çıxandan sonra aydın olacaq. Bu yerdə onu da qeyd edək ki, Azərbaycan Ermənistandan fərqli olaraq Rusiya üçün etibarlı və qiymətli silah alıcısıdır və Kreml onu asanlıqla itirməz.
Təsadüfi deyil ki, 4 günlük müharibədən sonra Rusiya baş nazirinin müavini, hərb-sənaye sahəsini kurasiya edən Dmitri Roqozin məhz Bakıdan, bir növ qəzəbli erməniləri acığına bəyan elədi ki, Azərbaycana müasir silah satışı davam edəcək. Bakıdan gedəndən sonra isə verdiyi müsahibələrin birində bildirdi ki, Rusiya Azərbaycana silah satmaqdan imtina eləsə, boşluğu başqa ölkələr tutacaq ki, Moskva da bunu istəmir.
Nəhayət, unutmayaq ki, qarşıda hərbi əməliyyatların aparılması üçün ən əlverişli yay mövsümü gəlir. Hərbi ekspertlərə görə, ta oktyabrın 1-dək bu mövsum davam edəcək.
Siyasət şöbəsi