Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan giziri dəfn edilib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.
Döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti ötən gün tapılıb. Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.