Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 15-də Sumqayıt Şəhər Polis İdarəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, baxışda Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 125 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 15-i polisin, 5 nəfəri Daxili Qoşunların sıralarında xidmətə, 78 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Daxili işlər naziri namizədləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.