“İslam adı ilə günahsız insanları öldürən, malını əlindən alan terror təşkilatları əsla müqəddəs dinin təmsilçisi ola bilməz. Çünki bizim dinimiz sülh, ədalət dinidir”.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının XIII zirvə toplantısında deyib. Çıxışında bir çox mövzulara toxunan prezident bildirib ki, İslam ölkələri bir-birinin yanında olmalı, çətinliklərdən birlikdə çıxmalıdır: “Nə üçün müsəlmanlar terrora qarşı başqalarından kömək istəməlidir? Birləşərək, bir-birimizə arxa olaraq özümüz öz çarəmizi tapa bilərik. Bu cür hallara göz yummaq olmaz, müdaxilə etmək vacibdir. Biz müdaxilə etməsək, başqaları edəcək. Başqaları da neft üçün müdaxilə edir, hər hansı bir sülhə, əmin-amanlığa nail olmaq üçün yox”.
Daha sonra qadınların həyatdakı rolunun əsas olduğunu vurğulayan prezident İstanbulda qadın konfransının keçirilməsini təklif edib: “Müsəlman qadınların dərdlərini ortaya qoyacaqları bir təşkilatın, birliyin olmasının şərt olduğunu düşünürəm. Qadınlarla bağlı problemləri də biz müzakirə edəcəyik? Qoy, qadınlar da öz problemlərini qaldıraraq çıxış yolu tapsınlar”.