İqtisadçı ekspert Natiq Cəfərli OPEK ölkələrinin aprelin 17-də keçiriləcək görüşünə münasibət bildirib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə sosial şəbəkədə yazan N. Cəfərli xatırladıb ki, Rusiya 2 ay öncə neft hasilatının dondurulması ilə bağlı təkliflə çıxış edib: “Fevral ayında Doxa şəhərində Səudiyyə, Rusiya, Venesuella toplaşdılar, hasilatın 12 yanvar səviyyəsində dondurula biləcəyi haqqında ilkin razılığa gəldilər. 12 yanvar günü həm Rusiyada, həm də Səudiyyədə hasilat pik nöqtədə olub – 10,5 mln barelə yaxın. Sonra bu məsələyə daha 10 ölkənin razı ola biləcəyi haqqında xəbərlər çıxdı. Bazara verbal müdaxilələr, bəyanatlar qiyməti 44 dollar səviyyəsinə çatdırdı. Neft bazarında real neft gündə 93-95 mln barel satılırsa, “kağız neft”, yəni fyuçerslər bundan 1000 dəfə çoxdur, yəni, forex-sə daxil olan hər bir insan neft alıb-sata bilər. Bu oyunçuların da çoxu qeyri-peşəkar, hətta forex-si kazino ilə səhv salan insanlardır. Həmin xırda oyunçuların əlində vəsait az olsa da, sayları milyonlarla olduğuna görə verbal müdaxilələrə, xəbər axınına anlıq reaksiya verir, orta və uzun vadəli trendləri anlaya bilmirlər.
Bu razılaşma sənədinin imzalanması artıq 2 dəfə təxirə düşüb, indi son tarix kimi 17 aprel (bazar günü, bu da vacibdir, bazar günü dünya birjaları çalışmır) göstərilir. İran bu anlaşmanı “gülünc” adlandırdı, qoşulmayacaq, hətta hasilatı yaxın 6 ayda əlavə olaraq 1 milyon barel artıracağını bəyan etdi. Bu gün Səudiyyənin neft naziri dedi ki, hasilatın azalması məsələsini unudun, biz bazarlarımızı itirməyəcəyik”.
Onun sözlərinə görə, son 1 həftədə həm Dünya Bankı, həm də BVF 2016-cı il üçün neftin ortalama qiymət proqnozlarını açıqladılar, onlar 35-37 dollar arası qiymət gözləyirlər: “Orta və uzun vadəli bütün trendlər də neftin qiymətinin uzun zaman 30-40 dollar arası olma ehtimalını gücləndirir.
Düşünürəm ki, 17 aprel Doxa görüşü bazarın gözləntilərini qarşılaya bilməyəcək, bununla da qiymətin kəskin enməsini müşahidə edəcəyik. Çox güman, qiymət 18 apreldən sonra 10-15% aşağı düşəcək. Son günlərin qiymət artımım arxasında sözlü müdaxilələrdən başqa heç bir fundamental səbəb dayanmır”.