Ötən günlərdə xəbər vermişdik ki, bu ilin yanvarında Füzuli rayonunda keçirilmiş aksiya ilə bağlı ilginc məqamlar ortaya çıxıb. JAM.AZ-ın məlumatına görə, rayonda işsizlik və bahalıq əleyhinə keçirilmiş etirazlardan sonra Füzuli şəhər İcra Nümayəndəliyinin rəhbəri Şakir Hacıyev həbs olunmuşdu. Rəsmi məlumatlara görə, Hacıyev aksiyaların təşkilatçısı qismində saxlanılıb.
Lakin sonradan məlum oldu ki, sözügedən şəxs həmin vaxt heç rayonda olmayıb. Bakıda şəxsi işləriylə məşğul olan Şakir Hacıyevin güdaza verilməsinin səbəbi onun icra başçısı ola biləcəyi ehtimalı, səbəbkarı isə Füzulinin icra başçısı Alı Alıyev olub. Məlumatlı mənbələrin vurğuladığına görə, yanvar aksiyalarının əsas təşkilatçıları isə hazırda da vəzifə başındadırlar və onlar icra başçısının himayəsi altında fəaliyyətlərinə davam edirlər.
JAM.AZ bildirir ki, aksiyanın təşkilatçıları sırasında Alı Alıyevin iki müavininin adı hallanır. Bundan başqa, rayonun Subartezian Quyularının İstismarı İdarəsinin rəisinin də adı çəkilir. Belə ki, idarə müdirinin bacısı oğlu aksiyada iştiraka görə hətta saxlanılıb və barəsində 20 sutkalıq həbs qərarı da çıxarılıb. Amma bu məsələlərin üzəri xeyli sonra açılmağa başlayıb.
Sonolya.org saytının yaydığı məlumatda isə vurğulanır ki, artıq istintaq orqanları Şakir Hacıyevin günahsız olduğunu dəqiqləşdiriblər. Saytın iddiasına görə, yaxın vaxtlarda sabiq icra nümayəndəsi azadlığa çıxacaq. Bu isə Alı Alıyevin böyük problemlə üzləşməsi anlamına gəlir. Ən əsası isə icra başçısının yuxarı dairələri aldatması təsdiqini tapacaq ki, bu da Alıyev üçün nəinki vəzifəsini itirməklə yekunlaşacaq, hətta özü üçün bir çox problemlərin yaranması anlamına gəlir.
JAM.AZ Sonolay.org-a istinadən xəbər verir ki, Füzulinin icra başçısı üzləşəcəyi problemin hansı həddə olacağını indidən bildiyindən önləyici tədbirlər almağa başlayıb. Və bu tədbirlər əsasən ölkədən qaçmaq mahiyyəti daşımaqdadır. Saytın iddiasına görə, Alı Alıyev nəinki rayonu, hətta ölkəni tərk etmək qərarı verib. Onun hazırda Bakıda olduğu və tezliklə Fransaya yola düşəcəyi bildirilir.
Qarşı tərəfi də dinləməyə hazırıq.