Hər dəfə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən verilən xəbərləri eşidəndə yadıma istər-istəməz məşhur “Uzaq sahillərdə” filmində mərhum aktyorumuz Ələsgər Ələkbərovun bir obraz kimi canlandırdığı partizan briqadasının komandiri Ferreronun “yenə həmin dalğa, həmin koordinat ” sözləri düşür. Ferreronun sözü olmasın, yenə TQDK, yenə həmin utancverici statistika. Bu televiziya kanallarımız da göz dəyməsin o qədər operativ, bir an belə ara vermədən elə ajiotaj yaradırlar ki, statistikanın utanclığı bir yana adamın elə özünün utanmağı gəlir. Sankı, təhsilimizin belə bir duruma düşməsinə günahkar elə sən özünsən və ya ən yaxşı halda bu işdə sənin də müəyyən payın var. Pay demişkən, bir ölkə vətəndaşı olaraq hər birimizin bu və ya digər dərəcədə payı var. Axı, təhsil ümumdövlət işi ilmaqla yanaşı, həm də ümumxalq işidir, ümummilli məsələdir. Amma nə edək ki, təhsilimizə münasibət məsələsində bir az passivik loyallıq nümayiş etdiririk. Hər halda bu missiyada əsas pay sahibi biz deyilik.
Hərdən öz-özümə fikirləşirəm, bəlkə millətimizin təhsilimizə olan-qalan ümidini bir az da sarstmamaq naminə bu kimi məsələri ifrat dərəcədə ağartmayaq. Milyon yarımlıq şagird kontingentinin içərisində yazmağı və oxumağı bacarmayanların 9-cu sinif şagirdləri arasında 76, 11-ci sinif şagirdləri arasında isə cəmi 24 nəfər olmasını faciəyə çevirərək, Stalinin “bir nəfərin ölümü faciədir, milyonların ölümü isə quru statistika” yanaşması ilə paralel aparmayaq. Amma bir iş də var ki, biz artıq Stalin dövrünü deyil, elmi-texniki dövrünü yaşayırıq, savadsızlığı aradan qaldırmaq deyil, səriştəyə əsaslıanan şəxsiyyətyönümlü proqramlar həyata keçiririk.
Bütün paralelləri və yanaşmaları bir kənara qoysaq belə təhsilimizin mövcud durumuna dair TQDK-nın açıqlamasındakı bu arzuolunmaz “mənzərə” heç şübhəsiz ki, nəinki, ,oxsaylı təhsil ictimaiyyəti , hər bir orta statstikalı Azərbaycan vətəndaşı üçün də ciddi mesaj olub, hər kəsi dərindən düşündürməli ola biləcək bir problemdir. Əlbəttə, bu rəqəmlər kiməsə yeni və təəcüblü görünsə də, bununla belə illərdən bəri təkrarlanan və getdikcə dərinləşməkdə olan labüd təzahürün nəticəsidir. Bu şəffaflığın təmin olunması və təhsil sahəsidə baş verən proseslərin ictimailəşdirilməsi və obyektiv qiymətləndirilməsi baxımından da zəruridir. Pessimist proqnoz olsa da razılaşmalı və qəbul etməliyik ki, bu proses hələ daha bir müddət davam edəcək və bir qədər də dərinləşəcək. Çünki kurrikulum sistemi ilə oxuyanlar hələ 9-cu sinfə çatmayıblar.
Çox illik pedaqoji və təhsili idarəetmə orqanlarındakı fəaliyyətimlə bağlı təcrübəmə əsasən konkret səbəbləri nədə görürəm? Hər şeydən əvvəl qeyd edim ki, təhsil radikallığı, sıçrayışlar yolunu qəbul etmir, təkamül yolu ilə, mərhələlərlə inkişafı tərciyə edir. Əbəs yerə deyil ki, hələ 1999-cu ildə qəbul edilmiş Təhsil sahəsində İslahat Proqramında təhsilin əsas məqsədlərindən biri kimi birmənalı şəkildə qeyd edilmişdi ki, təhsil sahəsidə uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsildə məzmun və forma dəyişiklikləri aparılsın.
Biz nə etdik? Toplanmış potensialı saxlamaq və inkişaf etdirmək əvəzinə beynəlxalq təhsil sisteminə inteqrasiya adı ilə olan-qalan potensialımızı da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.Yəni təhsilimiz əgər belə demək olarsa bir növ şərq və qərb arasında qalıb.
Məsələnin mahiyyətinı bir az da konkretləşdirsək, başlıca səbəbləri nədə görürəm? Təhsil “Təhsil haqqında“ Qanuna əsasən sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsidir. Ümumi təhsil isə təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.Yəni Repetitorluğun çiçəklənməsinə və ayrı-ayrı əlavə hazırlıq kursları şəbəkəsinin intişar tapmasına rəvac verməklə məktəb mühitinin deformasiyaya uğramasına, bunun nəticəsi kimi məktəbin öz başlıca qanunvericilik funksiyasını itirməsinə şərait yaratdıq
Ümumtəhsil tam orta məktəbin vəzıfəsinin ali məktəblərə tələbə hazırlamaq olmadığını nəzərə almayaraq, qəbul prosesini ixtisaslara bölməklə bir qrup təhsil alanların bütün fənlər üzrə deyil, kokret dar ıxtisaslar üzrə hazırlaşmasına, ali təhsil almaq məqsədi olmayanların isə ümumiyyətlə oxumağa marağının itməsinə zəmin yaratdıq.
Gündəlik qiymətləndirmənin ləğv edilərək diaqnostik, formativ, summmativ qiymətləndirməyə keçilməsı, rüblük qiymətləndirmənin yarımıllik qiymətləndirmə ilə əvəz edilməsi, aralıq imtahanlarının aradan qaldırılması, ucdantutma hamıya attestat verilməsi və bu kimidigər dərindən düşünülməmış dəyişikliklər şagirdlərin Əsanamə üzrə nəzərdə tutulmuş hüquq və vəzıfə məsuliyyətini nəzərəçarpacaq dərəcədə azaltmış oldu.
Müxtəlif adda və məzmunda yeni tipli təhsil müəssisələri şəbəkəsi formalaşdıraraq şagirdlər arasında çeşidləmə aparıb, savadlıları bir tərəfə, savadsızları digər qütbə cəmləşdirərək sosial təbəqələşmə yaratmaqla şagirdlər arasında rəqabət mühitini pozub, məktəblər arasında süni rəqabət yaratdıq. Müəllimlərin işə qəbulu adı ilə keçirilən müsabiqələrdə yüksək bal toplayanları mərkəzdə, az bal toplayanları isə ucqarlarda yerləşdirərək rayon və kəndlərimizi və onların əhalisinin mənəviyyatını bir az da aşağıladıq.
Qiymətləndirmə mexanizmlərindəki boşluqlar, orta məktəblərdəki klassik “5” ballıq şkala ilə qəbul zamanı tətbiq olunan 700 ballıq qiymətləndirmə arasındakı ciddi uyğunsuzluqlar, müəllim hazırlığında peşəkarlığın məhdudluğu, dərsliklərin lazımi bilik təminatını ödəməməsi,TQDK və Təhsil Nazirliyinin yaranan problemi fərqli prizmalardan qiymətləndirməsı və digər sadalamağa ehtiyac olmayan və çoxlarına məlum olan obyektiv və subyektiv səbəblər yaranmış vəziyyətdə öz rolunu oynayıb.
Nə etmək olar? Zənn edək ki bütün bu uğursuzluqlar keçid dövrü ilə əlaqədardır.Bir işdə var ki, keçid dövrü son dərəcə yüksək sürət götürən inteqrasiya ilə ayaqlaşmadığından bu prosesi başa vurmaqda həddən artıq ləngiyirik. Digər tərəfdən isə keçid dövrünün konkret müddətinə dair hələ ki, limit qoyan olmadığından bu prosesin nə vaxt başa çatacağı müəmmalı görünür. Ümidimiz və əminliyimiz qalır TQDK-nın növbəti açıqlamasına.
Nadir İsrafilov
Təhsil eksperti