Sabiq YAP-çı deputat, hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılan Gülər Əhmədova bu yaxınlarda azadlığa çıxa bilər. Sabiq deputatın vəkili Əfsər Talıbov minval.az saytının əməkdaşı ilə söhbətində bəzi yeni detallar açıqlayıb. Vəkil deyib ki, mayın 4-də G.Əhmədovanın xahişi ilə Bakı şəhər prokuroru Əziz Seyidovun qəbulunda olub. Görüşdə məqsəd sabiq deputatın mesajını Bakı şəhər prokuroruna çatdırmaq olub.
“Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, sabiq deputat və onun vəkilləri mayın 13-nə ciddi-cəhdlə hazırlaşır və Bakı şəhər prokuroru ilə görüş də bu hazırlığın tərkib hissəsidir. Belə ki, mayın 13-də G.Əhmədovanın həbsinin 3 ayı tamam olur. Sabiq YAP-çı deputatın həbs müddətinin uzadılıb-uzadılmayacağı məhz həmin tarixdə keçiriləcək məhkəmə prosesindən asılıdır.
Belə bir hazırlığın getdiyini elə vəkil də təsdiqləyib. Ə.Talıbov deyib ki, Ə.Seyidovla görüşündə G.Əhmədova barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün müraciət edib: “Bu, Gülər xanımın xahişi idi. Mən Gülər xanımın səhhətindəki problemlər, müalicəsi ilə bağlı ona məlumat verdim. Himayəsində azyaşlı uşağın olması, habelə istintaqa yardım üçün deputatlıq mandatından imtina etməsini xatırlatdım. Bildirim ki, Gülər xanım ev dustağı olacağı müddətdə də ölkəni tərk etməyəcək. Hörmətli Əziz Seyidov məni hörmətlə qəbul etdi və dediklərimi dinlədi. Amma hər hansı söz vermədi”.
Ə.Talıbov G.Əhmədovanın müstəntiqə ifadə verməyəcəyini də dedi. Onun sözlərinə görə, sabiq deputatın əsas tələbi fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru, hazırda Fransaya sığınan Elşad Abdullayevin ölkəyə gətirilməsi, ifadə verməsi və üzləşdirmə təşkil olunmasıdır. Vəkil dedi ki, istintaqdan onlara sabiq rektorun ölkəyə gətirilməsi üçün tədbirlər görüldüyü deyilib.
Ə.Talıbov mayın 13-də G.Əhmədova ilə bağlı hansı qərarın veriləcəyinə dair konkret bir söz demədi. “Hər şey ola bilər” - deyən vəkil sabiq deputatın səhhətində də problemlərin gündən-günə artdığını vurğuladı.
Ə.Talıbov G.Əhmədovanın vəkillərinə media ilə münasibətləri azaltmaq, müsahibə verməmək, xırda xəbərlərlə kifayətlənmək göstərişi verdiyini dedi: “Bəzən jurnalistlər bu məsələyə elə qərəzli yanaşırlar ki...”
Adının çəkilməsini istəməyən ekspert isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, indiki vəziyyətdə G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi mümkündür. Buna səbəb sabiq deputatın həbsə girdiyi ilk gündən səhhəti ilə bağlı çoxsaylı şikayətlər etməsidir. Həkim nəzarətində olan bu xanımın şikayətləri Penitensiar Xidmətin rəhbərliyi tərəfindən təkzib olunsa da vəkillər onun azadlıqda olarkən müalicə olunması, səhhətindəki problemlərlə bağlı arayışlar alıblar.
Bundan başqa, indiki mərhələdə istintaq dalana dirənib. İstintaqçılar E.Abdullayevi heç cür dindirə bilmirlər. Sabiq rektor dindirmə üçün bu işdə zərərçəkən kimi tanınmasını tələb edib. “Məni zərərçəkən kimi tanımasalar, ifadə verməyəcəyəm” deyən E.Abdullayevin dindirilməsi hüquqi baxımdan da asan məsələ deyil. Bunun üçün istintaqçıların Fransa hökumətinə müraciəti, alınacaq cavab və digər beynəlxalq hüquqi proseduralar vacib şərtdir. Belə olan halda isə görünən budur: E.Abdullayev zərərçəkən kimi tanınmadığı üçün ifadə vermir, G.Əhmədova E.Abdullayev ölkəyə gəlməsə ifadə verməyəcəyini deyir.
Ekspert hesab edir ki, sabiq deputatın ifadə verməməsi məqsədlidir. O, işin bu cür dalana dirənməsində maraqlıdır. Həmin müddətdə isə G.Əhmədova hakimiyyətlə aralarındakı yandırılmış körpünü bərpa etməklə məşğuldur. İlk gündən hakimiyyətə sadiq olması ilə bağlı müsahibələr verən sabiq deputat son həmləsini də verdiyi geniş müsahibəsində edib. Elə təkcə bu sitatı yada salmaq kifayətdir: “Məni Azərbaycan siyasətinə gətirən şəxs ulu öndərdir. Bəzən onunla yuxuda danışıram. Sadəcə onun iradəsi və əzmi gözümün qabağına gəlir. 1991-ci ildə parlamentdə ona qarşı isterik vəziyyətdə çıxış edən deputatları xatırlayıram. Gözümün qabağına ən çox gələn epizodlardan biri 20 yanvar faciəsindən sonra onun ailə üzvləri və bir-iki nəfərlə Moskvada Azərbaycan nümayəndəliyinə gəlməsi, orada olan siması və çıxışıdır. Bunu mənim özümü onunla müqayisə etməyim kimi dəyərləndirmək istəyənlərə indidən cavab verirəm. Örnək bir həyatdan, mənim özümə lider bildiyim bir şəxsdən öyrənmək vacibdir. Belə insanlar, talelər olmasaydı, bəşər övladı çox zəif və ümidsiz olardı”.
“İlham Əliyevə sadiqəm, ona çox inanıram”, “mənim əqidəm Heydər Əliyevçilikdir” sitatları da G.Əhmədovaya məxsusdur. O, bu mesajlarını çatdırmaqla hakimiyyətdən əslində həm də rəhm diləyib. Yaxın günlərdə bu mesajın sabiq deputatın taleyinə necə təsir etdiyi görünəcək.