İqtisad elmləri doktoru Qubad İbadoğlu ölkənin avtomobil bazarı haqqında düşüncələrini sosial şəbəkədə paylaşıb. Tanınmış iqtisadçının statusunu təqdim edirik:
"Bu ilin ilk 2 ayında ölkəyə cəmi 737 minik avtomobili və 9 avtobus idxal olunub. Bu il ölkəyə hər ay orta hesabla 369 minik avtomobili gətirilib ki, bu da ötən müvafiq göstəricisindən 5 dəfə, 2014-cü ilin uyğun göstəricisindən isə 13 dəfəyə qədər azalmanı ifadə edir. Bunun başlıca səbəbi ilin sonunda məşhurlaşan NAZ- Lifan olsa idi, belə nəticəni yalnız alqışlamaq olardı. Belə ki, İllik istehsal gücü 5 min ədəd avtomobil olan Naxçıvan Avtomobil Zavodunda ötən il 2000-dək avtomobil yığılması nəzərdə tutulurdu.
Təhlillər göstərir ki, avtomobil bazarında yaranmış acınacalı vəziyyətin başlıca səbəb iqtisadiyyatda durğunluqdan qaynaqlanan alıcılıq qabliyyətinin kəskin aşağı düşməsidir. Bu səbəbdən də avtomobil dilerləri və bu bizneslə fərdi məşğul olan sahibkarlar hazırkı böhrandan ən çox ziyan çəkənlər sırasındadır. Hazırda demək olar ki, ölkədə bu sahədə idxal biznesi ilə məşğul olanların hamısı zərərlə fəaliyyət göstərirlər. Ölkənin Formula -1 Qran Pri yarışlarına qonaq sahibliyi etdiyi zamanda bu yarışa sponsorluq etməli olan avtomobil biznesinin mövcud problemlərinin yaxın gələcəkdə həlli üçün əsaslar heç üfüqdə belə görsənmir. Böhranın başlıca səbəblərindən biri də buraxılış ili yeni olan avtomobillərin qiymətlərinin manatla əvvəlki dövrlə müqayisədə kəskin bahalaşması və eyni zamanda banklar tərəfindən manatla kreditə satış şərtlərinin ağırlaşdırılmasıdır. Belə ki, banklar kreditləşdirmə şərtlərini sərtləşdirdiyindən, eyni zamanda manatla olan yeni qiymətlərə uyğunlaşma problemi mövcud olduğundan buraxılış ili yeni, ailə büdcəsinin strukturunda gedən dəyişikliklərə görə əhali tərəfindən iri alışlar təxirə salındığından isə istifadə olunmuş avtomobillərə tələbat xeyli məhdudlaşıb. Bu isə buraxılış ili yeni olan və istifadə olunmuş köhnə avtomobillərin qiymətlərinin sabit saxlanıldığı halda satışın miqdarını və idxala ehtiyacı aşağı salır. Cağdaş durumda alıcılıq qabliyyətinin bərpa olunması üçün yeganə çıxış yolu yeni və istifadə olunmuş avtomobillərin münasib qiymətlə və uzunmüddətli aşağı faizli kreditləşmə yolu ilə satışınını təşkil etmək, avtomobil ixdalı üçün hazırda tətbiq olunan yüksək rüsum və aksiz dərəcələrini aşağı salmaqdır. Əks təqdirdə əvvəl aylar, sonra illər dəyişdiyindən uzunmüddətli dövrdə satılmayan avtomobilləri yalnız fiziki deyil, həm də mənəvi köhnəlməyə məruz qoyaraq daha da dəyərdən salacaq. Nəticədə ölkənin avtomobil parkının yenilənmə sürəti getdikcə aşağı düşəcək ki, bundan da ən çox insanlar və təbiət ziyan çəkəcək. Ölkədə, xüsusilə də Bakı şəhərində ətraf mühiti daha çox çirkləndirən maşınların sayı artaraq ekoloji fəlakəti gücləndirəcək.
Avtomobil idxalının aşağı düşməsinin yeganə müsbət effekti yollarda hərəkətin sıxlığı ola bilərdi. Lakin, bu da yolların vəziyyətindən, hərəkətin idarə olunmasından və sürücülük mədəniyyətindən asılı məsələ olduğundan hələ ki, müşahidə edilmir".(musavat.com)