Aİ-yə üzv ölkələrin liderləri Ankara ilə miqrasiya sazişinə dair ümumi mövqeni razılaşdırıblar.
“Qafqazinfo” APA-ya istinadən bildirir ki, bu barədə Lüksemburqun baş naziri Ksavye Bettel bildirib. Onun sözlərinə görə, razılaşdırılmış mövqe martın 18-də sammitdə müzakirə olunacaq.
"Aİ-nin mövqeyi üzrə razılıq əldə olunub, Aİ Şurasının sədri sabah Aİ Şurasının toplantısından əvvəl onu Türkiyənin baş nazirinə təqdim edəcək", - deyə Bettel Twitter sahəsində bildirib.
Qeyd edək ki, bu gün Brüsseldə Aİ-Türkiyə sammiti keçiriləcək. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun plan təsdiqlənəcək.
Xatırladaq ki, bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.
Qeyd edək ki, martın 7-də Aİ üzvü olan 28 ölkənin liderləri və Türkiyənin baş naziri "Balkan marşrutu" üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişinin altı prinsipini razılaşdırıblar. Plana əsasən, Türkiyə ölkəyə gələn qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları isə Aİ-nin vəsaiti hesabına ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir. Bunun müqabilində Türkiyə ilə viza rejiminin sadələşdirilməsi və Aİ-yə üzvlük üzrə danışıqların tezləşdirilməsi, həmçinin, 3 mlrd. avro vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa tərəflər birlikdə Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq niyyətindədirlər. 17-18 martda keçiriləcək növbəti sammitdə bu prinsiplər əsasında yekun sazişin imzalanması gözlənilir.