Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə kritik səfəri bu ölkənin mediasında geniş işıqlandırılıb və şərh edilib.
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan” qəzetinin bu mövzuda hazırladığı məqalədə bildirilir ki, prezidentin bu səfəri həm də ölkələrimiz arasında sarsılmaz özüllər üzərində bərqərar olan münasibətlərə xələl gətirmək istəyənlərə sərt xəbərdarlıq oldu: “Belə bir vaxtda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirmək üçün Azərbaycan böyük bir addım atdı. İclasın məkanı dəyişdirildi, Prezident İlham Əliyev Ankaraya işgüzar səfərə getdi. Sözügedən iclas ən yüksək səviyyədə baş tutmaqla yanaşı, Azərbaycan və Türkiyə münasibətlərində həm də yeni bir səhifə açdı”.
Qəzet yazıb ki, Türkiyədə Azərbaycanın atdığı addımlar kifayət qədər yüksək qiymətləndirilir. Məsələn, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar dedi ki, Azərbaycan Türkiyəni ağır günlərində tək qoymadı və bu da iki qardaş ölkənin münasibətlərində vacib göstəricidir. Azərbaycan prezidentinin Ankaraya səfəri Azərbaycan-Türkiyə münasibətlərinin necə inkişaf etdiyinin daha bir göstəricisi oldu. İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında münasibətlərin inkişafında daha bir vacib addım oldu.
Türkiyə Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının müəllimi Mənsur Akgün deyir ki, Türkiyənin sıxıntılı günlərində Azərbaycan prezidenti çox önəmli addım ataraq, Ankaraya səfər edib: “Bununla, Türkiyənin yanında olduğunu dünyaya nümayiş etdirdi. Türkiyə çox çətin bir dönəmdən keçir, terror hadisələri səbəbindən Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri iki dəfə təxirə salınıb. Bu məqamda Prezident İlham Əliyev qətiyyət nümayiş etdirdi. Onun bu addımını Türkiyə heç vaxt unutmayacaq”.
Azərbaycan Prezidentinin Ankaraya işgüzar səfəri Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən də geniş işıqlandırılır. Anadolu agentliyi, “Sabah” və “Milliyet” qəzetləri, NTV, “TRT Haber”, “A Haber”, “Fox TV”, “Kanal A” və digər media orqanları bu səfərdən geniş bəhs edib. Məlumatlarda ölkələrimizin bir-birini hər zaman dəstəklədiyi qeyd olunub.
Azərbaycan prezidentinin Türkiyəyə səfər etmək barədə qərar qəbul etməsi, imzalanan sənədlərin əhəmiyyəti, dövlət başçılarının mətbuata bəyanatda səsləndirdikləri fikirlər qardaş ölkənin mediası tərəfindən geniş şərh edilib.
“Prezident İlham Əliyev tarixi Zirvə üçün Türkiyəyə gəldi”, “Türkiyəyə böyük dəstək”, “Prezident İlham Əliyevdən Türkiyəyə böyük jest”, “Ağır günün dostu”, “Qardaş dəstəyi” kimi sərlövhələrlə yayılan məlumatlar qəzetlərin və xəbər portallarının əsas xəbərləri sırasında yer alıb.
“Bütün bunlar bir daha göstərir ki, eyni dildə danışan, bir dinə etiqad edən, bir soykökündən yaranan Azərbaycan və Türkiyə yenə zamanın sınağından uğurla çıxır. Bu iki qardaş ölkənin arasına nifaq toxumu səpmək istəyənlər daim uğursuzluğa düçar olub. Hər yeni sınaq ölkələrimiz, xalqlarımız arasında qardaşlıq bağlarını daha da möhkəmləndirir. Dövlətlərarası münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin bir-birini müdafiə etməsi Azərbaycan və Türkiyə rəhbərliyinin real şəraitdə həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir”.