Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rauf Mirqədirovun apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Milletinsesi.az-ın verdiyi xəbərə görə, şikayətə hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Ötən iclasda R.Mirqədirovun vəkili Fuad Ağayev onun haqda bəraət verilməsini istəmişdi. Apellyasiya məhkəməsinin bugünkü qərarına əsasən Rauf Mirqədirov şərti azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirqədirov 2014-cü il aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Mirqədirov həmin hökmdən apellyasiya şikayəti verib.
***
Rauf Mirqədirov jurnalistlərə açıqlamasında heç bir ölkəyə məxsus təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmədiyini qeyd edib:
"Şərti cəza hələ ki, günahsız olduğuma sübut deyil. Bəraət almağa çalışağam. Həbsdə mənə qarşı həmişə çox korrekt davranıblar. Hətta müraciətlərində belə "müəllim" kimi xitab edirdilər. Mən həmişə aktiv həyat sürən bir adam olmuşam, 23 ay təkadamlıq kamerada isə məhbus kimi yaşamışam. Üzərimdə bunun ağırlığı var, ailəmdən ayrılmaq problem idi. Bilirsiz ki, həbsdə olanda atam rəhmətə getdi, bu hadisələr mənə pis təsir etdi. Baş verənləri Allahın sınağı kimi qəbul edirəm. Çox ağır sınaqdır. Allah heç kimi belə sınağa çəkməsin. Bir qədər istirahətdən sonra jurnalist fəaliyyətimi davam etdirəcəm".
***
Rauf Mirqədirovun vəkil Fuad Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Mirqədirov hazırda atasının məzarını ziyarətə gedir: "Daha sonra anası ilə evlərinə gedəcək".