İttiham olunan keçmiş hakim Lətif Nəbiyev bir qadından pul alıb qaytarmaması barədə iddialara münasibət bildirib.
L.Nəbiyev “Qafqazinfo”ya müraciət edərək deyib ki, Rəfayıl Mahmudovanın onun haqqında irəli sürdüyü iddialar böhtandır. R.Mahmudova 34-cü PB-yə müraciət edərək bildirib ki, Lətif Nəbiyev 2015-ci ilin fevral ayında ondan 15 min manat pul alıb. Qadın iddia edib ki, L.Nəbiyev biznes qurmaq üçün aldığı pulu geri qaytarmayıb.
Lətif Nəbiyev açıqlamasında həmin qadından pul aldığını etiraf edib: “Düzdür, mən “Rufa” adlı qadından 15 min manat borc pul götürmüşəm. Onunla mənim aramda yazılı formada razılaşma da olub ki, pul borc üçün alınır. Mən pulu iş adamı olan bir dostum üçün almışam. Pulu alandan sonra “Rufa” ilə dostumu da tanış etdim. Həmin borcdan nağd formada 10 min manat qaytarılıb. Bunun üçün sübutlarımız da var. Mənim dostum olan iş adamı iflas etdi.
Yerdə qalan 5 min borc üçün evindəki 8 min manatlıq soyuducunu verdi. “Rufa” o soyucudunu yanvar ayında aparıb, hazırda da öz evindədir. Mənim dostum üçün aldığım həmin borc tamamilə ödənib. Adını açıqlamaq istəmədiyim dostum da təhqiqatda ifadə verib. Onun yanında zəng ediblər “Rufa”ya, soruşublar ki, 10 min pulunuz və soyuducu verilibmi, deyib bəli”.
Keçmiş hakim iddia edir ki, R.Mahmudova dəstə halında bir neçə qadınla birləşərək insanları şantaj edərək pullarını mənimsəyir: “Rufa”gil bir qrup qadındır, “Lombard” adı ilə fəaliyyət göstərirlər. Pulu borc kimi verirlər, sonra şantaj yolu ilə üstündə də əlavə pul tələb edirlər. Onlar təxminən 10 nəfər qadınla birlikdə, dəfələrlə mənim evimə hücum ediblər. Evimi yandırmaqla hədələyib pul tələb ediblər. Mən bu qadınların şantajı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Rəfayıl Mahmudov və onunla birlikdə olan qadınlar haqda Xəzər rayon məhkəməsində borc verdikləri şəxsə xəsarət yetirmələri barədə qətnamə qəbul olunub”.
L. Nəbiyev deyib ki, Rəfayıl Mahmudova yüksək vəzifəli şəxslərin adından istifadə edərək bu işləri həyata keçirir.
Qeyd edək ki, Lətif Nəbiyev Bakı Apelysiya Məhkəməsinin və Suraxanı rayon məhkəməsinin hakimi işləyib. Prezidentin dərəncamı ilə vaxtından əvvəl səlahiyyətlərinə xitam verilib.