Dünən axşam Ankarada baş verən növbəti terror aktından sonra Ərdoğanın martın 15-də Bakıya gözlənilən səfəri müzakirə mövzusu olub. Sosial şəbəkələrdə belə bir iddia irəli sürülür ki, üç həftə əvvəl olduğu kimi, indi də Ərdoğanın Bakıya səfərinə bir gün qalmış terror hadisəsinin baş verməsi təsadüfi deyil.
Baxmayaraq ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Rəcəb Tayyib Ərdoğanın sabaha planlaşdırılan səfərin təxirə salınması ilə bağlı rəsmi Ankaradan hələ ki, heç bir məlumat daxil olmadığı bildirilib.
Həqiqətənmi, Ankarada baş verən terror hadisələrinin Ərdoğanın Bakı səfəri ilə əlaqəsi var?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloqRasim Musabəyov “Qafqazinfo”ya açıqlamasında bu hadisələrin Ərdoğanın Bakı səfəri ilə əlaqəli olub-olmaması barədə konkret fikir yürütməkdə çətinlik çəkdiyini deyib: “Bunu kimlərsə deyirsə, gərək ortaya fakt qoysunlar. Bu ehtimaldır, ola da bilər, olmaya da bilər. Mən əmin olsaydım ki, Ərdoğan Bakıya gəlməməklə bütün bu partlayışlar bitəcək, onda elə biz Türkiyəyə gedərdik. Amma heç kim buna məsul olmaz. Hər halda, istisna etmirəm, amma əlimdə bunu təsdiqləyən heç bir fakt yoxdur.
Rusiya PKK vasitəsilə terakt törədə də bilər, törətməyə də. Rusiyanın PKK-ya kömək etdiyi bəllidir, PKK-nın Türkiyə ərazisində terror hadisəsi törətdiyi bəllidir. Amma bunu təkcə Ərdoğanı hər vəchlə Bakıya səfərdən yayındırmaq üçün eləməsini təsdiqləyən heç bir fakt yoxdur. Sadəcə, birinci dəfə də o görüşə maneə yaradan terakt oldu, ikincini də... Ərdoğan Bakıya gəlsə, bundan sonra daha Türkiyədə terror hadisəsi olmayacaq? Yox. Bu terror hadisələrinin Ərdoğanın Bakı səfəri ilə əlaqəsi mümkündür, lakin təsdiqləyən sübut yoxdur. Ona görə də bunu birmənalı “Rusiya kürdlərin əli ilə edib ki, Ərdoğanın Bakı səfərini pozsun” kimi deyə bilmərəm.
Türkiyənin Ukrayna ilə yaxınlaşması Rusiya üçün daha təhlükəlidir. Ukrayna prezidenti Poroşenko Türkiyəyə gedib Ərdoğanla görüşdü. Amma heç bir partlayış olmadı”.
Politoloq Elxan Şahinoğlu da bu məsələdə Rusiya izinin olub-olmamasını şərh edib: “Sanki terrorçular Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməməsinə çalışırlar. Yalnız terrorçularmı?
Ankaradakı partlayışı Rusiyadakı bəlli xidmətlərin təlimatıyla həyata keçirdiyini iddia etmirəm. Ancaq onu iddia edirəm ki, Rusiyanın həmin xidmətlərinin PKK və Suriyadakı silahlı kürdlərə dəstəyi artıb və bunu gizlətmirlər. Rusiya mediası silahlı və terrora əl atan kürdləri qəhrəman kimi qələmə verir, Türkiyəni aşağılamaq və zəiflətmək üçün bütün imkanlarını səfər ediblər.
Terrorçu yalnız bombanı partlatmaq üçün düyməyə basan şəxs deyil, həm də onun rəhbərlərinə təlimat və silah verən, rəqibinin ünvanını göstərən və partlayışı xəbərlərdən izləyib sevinən tərəfdir”.
Qeyd edək ki, Ankarada dünənki partlayış nəticəsində 34 nəfər ölüb, 125 nəfər yaralanıb.