Martın 13-dən 14-nə keçən gecə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sızlıq tez bir zamanda tam aradan qaldırılıb. Belə ki, həftənin istirahət günlərində və bayram günləri ərəfəsində gonşu Gürcüstan Respublikasına səyahət edənlərin intensiv şəkildə geri qayıtması “Sınıq Körpü” gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsilə nəticələnib. Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib.
Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.