"Xalqımızdan olan hər bir insan statusundan, nə işin sahibi olmasından asılı olmayaraq, bizim millətin övladlarıdır. Onların hamısı bizim gözümüzdə eynidir".
Bu sözləri əməkdar artist Tünzalə Ağayeva, müğənni Nazpəri Dostəliyevanın Müsavat başqanı İsa Qəmbərin oğlunun toyunda iştirakıyla bağlı qalmaqala fikir bildirərkən deyib:
"Hər birimizin millət qarşısında, millətimizin üzvləri qarşısında daşıdığı məsuliyyət var. Sənətçi olaraq millətimizin üzvlərinə ayrı-seçkilik etmək hüququmuz yoxdur. Nazpəri xanımın o toyda iştirak etməsini həddindən artıq şişirdirlər. İnanmıram ki, buna görə hansısa telekanal Nazpəri xanıma qadağalar qoysun. Çünki yetərincə azad demokaratik cəmiyyətdə yaşayırıq. Biz sənətçilər üçün iqtidar-müxalifət fərqi yoxdur. Kiminsə məclisində oxumaq, iştirak etmək olduqca normal bir haldır. Bu heç bir halda vətənə, millətə, dövlətə, dövlət başçısına xəyanət kimi qiymətləndirilə bilməz. İnsanların öz ölkəsinin dəyərlərinə xəyanəti belə şeylərlə ölçülmür. Bu cür söhbətlər heç kimə başucalığı gətirməz. Nazpəri xanımın o toyda iştirakını məqsədli şəkildə şişirdənlər ən azı utanmalıdır. Bilirsiniz, incəsənət adamları bu xalqdan olan hər kəsindir. Sənət bu baxımdan çox azaddır. Mənim qarşınızda çıxışım sizin siyasi baxışınızdan necə asılı ola bilər? Önəmli olan saf, düzgün, vicdanlı insan olmağınızdır. Sizin siyasi baxışınız nə olursa-olsun siz vicdanlı birisinizsə, mən də sizin toyunuzda iştirak edərəm".