Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı, Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri Habil Məmmədov ötən həftənin sonlarında paytaxtdakı böyük marketlərin rəhbərləri ilə görüş keçirib.
Bu barədə İstiqlal.az-a Vergilər Nazirliyindəki mənbə məlumat verib.
Məlumatda bildirilir ki, Habil Məmmədov market sahibləri ilə mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Həmçinin o, sahibkarlara əlavə "tas" qoyub. Market sahiblərinə bildirilib ki, bundan sona ödədikləri vergidən əlavə ümumi dövriyyənin 6 faizini də "haqq" ödəyəcəklər.
Xatırladaq ki, ötən aylarda dövriyyənin 2 faizi tələb olunmuşdu və bir müddət sonra bu rəqəm 4 faizə qaldırılmışdı.
Devalvasiyadan sonra ölkədə onsuz da çətin vəziyyət yaranıb. Bakı və bölgələrdə çox sayda mağazalar bağlanıb, ticarət "ölü nöqtə"yə düşüb. Belə bir vaxtda market sahiblərinə əlavə "tas" qoymaq durumu daha da pisləşdirəcək. Bu tələb market sahiblərinin narazılıgına səbəb olması ilə yanaşı, həm də qiymətlərin süni sekilde artmasına gətirib cıxardacaq və nəticədə yenə sadə vətəndaşlar zərər çəkəcəklər.
Prezident İlham Əliyev dəfələrlə əvvəl qanunsuz yoxlamalara, iş adamlarına qarşı haqsızlığa son qoymağı tələb edib. Dövlət başçısı həmçinin sahibkarları incidən məmurların ciddi şəkildə cəzalandırılacağını bildirib. Amma görünür prezident tapşırığı Vergilər Departamentinin rəisi Habil Məmmədovun qulağına gedib çatmayıb.