"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunda dəyişikliklər edilməsi təklif olunur.
"Qafqazinfo"nun məlumatına görə, bununla bağlı qanun layihəsi parlamentin martın 4-də keçirilən plenar iclasına təqim olunub.
Təklif olunur ki, mövcud qanunun bu məzmunda-"Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər" məzmununda 13.4-cü maddə əlavə edilsin.
Həmçinin, təklif olunur ki, qanunun 2.20.7-ci maddəsinə bu məzmunda üçüncü cümlə-"Yoxlayıcı tərəfindən bu qanunun 20.1-ci, 20.5-ci və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu qanunun 20.2-ci, 20.11-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır" əlavə ounsun.
Bununla yanaşı, təklif edilir ki, qanuna 34.5-ci maddə əlavə olunsun.
Yəni, verilmiş şikayət və ya İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş digər səbəblər əsasında müvafiq icra hakimiyyəti orqanı yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması və ya qeydiyyata alınmış yoxlama barədə məlumatın verilməsi qaydalarının pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, yuxarı dövlət orqanı isə yoxlayıcı orqanlar (yoxlayıcılar) tərəfindən yoxlamaların qeydiyyatı ilə bağlı tələblər və prosedurlar istisna olmaqla, bu qanunla müəyyən edilmiş digər tələblərin və prosedurların pozulması ilə bağlı müvafiq inzibati xətanın əlamətlərini müəyyən etdikdə, inzibati xətalar haqqında işlər üzrə icraata başlamaq üçün İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görməlidirlər.