Ölkə dövlət başçısının xüsusi tapşırığı ilə iqtisadi böhran səbəbindən, qənaət rejiminə keçdiyi bir zamanda, bəzi məmurlar ərəb şeyxlərinə xas daha dəbdəbəli yaşam tərzi axtarışlarından hələ də imtina etməyi düşünmürlər. Mətbuat demək olar ki, hər gün ayrı-ayrı məmurlarla bağlı bu tip məlumatları dərc etsə də, ölkə başçısı dövlət görəvlilərinə səmimi və sadə olmağı məsləhət bilsə də, hələ ki, kimsə illərdir formalaşdırdıqları sadə vətəndaş üçün xəyal olan düzənlərini dəyişmək istəmir. Bir müddət əvvəl övladına sadəcə doyunca çörək yedizdirmək istədiyini bildirmək üçün küçələrə çıxan bir qrup Lənkəran sakinini “spirtli içkilər və tütün məmulatlarının plastik kartla satışından ötrü mağazalarda həmin məmulatların olmaması və olanlardan da satıcıların plastik kart olmadığından ala bilməmələrinə görə 100-ə yaxın Liman sakini vəətrafa toplaşan vətəndaşlar buna etiraz əlaməti olaraq aksiya keçirməyə vəƏlət-Astara yolunu bağlamağa cəhd ediblər” – deyə aşağılayan, cənubluların “Akula” adlandırdığı Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı Conflict.az-a yeni məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, bir müddət əvvəl Xanbulanda otel inşa etdirmək istəyən, regiondan olan iş adamlarından biri ilə münaqişə zəminində ondan 20 sot torpaq alan başçı həmin ərazidə özünə möhtəşəm villada inşa etdirib.
Mənbə onu da bildirdi ki, hal – hazırda yaz mövsümünə hazırlıq məqsədilə T.Qaraşov villanın təmiri ilə məşğuldur. Belə ki, rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərlərinə bu məqsədlə xüsusi tapşırıq da verilidiyini qeyd edən mənbə əlavə etdi ki, yenidən dizayn olunan villada mansard dəyişdirilir, yeni hovuz inşa etdirilir. Həyətdə xaricdən gətirilən ekzotik ağaclar və gül kollarının əkilməsi prosesinə şəxsən nəzarət edən başçı, bu dəfə villasında yeniliyə də imza atıb. Məlumatda T.Qaraşovun villasının həyətində böyük akvariumun quraşdırılması ilə bağlı da tapşırıqlar verdiyi bildirilir. Görünür “Akula” kiçik balıqlara həm
də tamaşa etməyi sevir.
Redaksiya, yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırdır.
(Conflict.az)