"Ded Xasan”ın öldürülməsindən sonra Azərbaycan da daxil, demək olar ki, bu mövzuda yazan bütün dünya qəzetlərində dörd qafqazlının adına rast gəlmək mümkündür. Söhbət Tariel Oniani, Cemal Mikeladze, Merab Suxumski və Rövşən Canıyevdən gedir. Məlumdur ki, “Ded”in öldürülməsinin sifarişçisi kimi bu “qanuni oğru”ların adı qırmızı xətlə keçir.
Ötən saylarımızda Tariel Oniani (“Taro”), “oğru dünyası”nın ən yeni simalarından olan Cemal (Camal) Mikeladze və kriminal aləmin ən odioz fiqurlarından biri Merab Canqveladze (Suxumski) haqqında məlumat vermişdik. Növbə “Rövşən Lənkəranski” haqqında yazıya çatanda, ölkə saytlarında azərbaycanlı avtoritetin Türkiyədə güllələnməsi xəbəri yayıldı. Sonra qətlə yetirilməsi üçün 5 milyon dollar ayrıldığı xəbərləri dolaşmağa başladı. Rusiyanın hüquq-mühafizə orqanları ilə (əlbir) işləyən ciddi portalları bu “ölüm xəbəri” haqda nə yazdı, nə təkzib etdi. Azərbaycanda bu tirajlı “qara xəbəri” önə düşmək xatirinə yayan saytların bəziləri sonradan heç təkzib də vermədilər. Amma Caniyevlə bağlı xəbərdə azacıq həqiqət yükü olsaydı, bunu gizlətmək də olmazdı.
Yaxınları tərəfindən onun “Ded Xasan” la hər hansı düşmənçiliyinin olmaması və hazırda Dubayda dincəldiyi barədə xəbərlərə də əlavə şərh vermək fikrimiz yoxdur. Zənnimizcə, bu mövzuya xüsusi diqqətə görə oxucular da bizi qınamaz. Fakt budur ki, “oğru dünyasının” ən nüfuzlu simaları - “böyük qardaş” - Hikmət Muxtarov (“Sabirabadlı Hikmət”) və Məmməd Hüseynovun (“Masallı Mamed”) ölümündən sonra internet axtarış saytlarında ən çox aranan azərbaycanlı “qanuni oğru”lar sırasında (bu sırada Nadir Səlifovun- “Lotu Quli”nin adını xatırlamaq lazımdır) Rövşən Canıyevin adı ilk sırada gəlir. “Rövşən Lənkəranskiyə” maraq xeyli siyasiləşmiş Azərbaycan mətbuatında da özünü göstərir. İndi ona pərəstiş edənlər də var, hörmət edən də, təbii ki, rəğbəti olmayan, bəlkə nifrət edən də.
Sirr deyil ki, məsələn, rəhmətlik “Sabirabadlı Hikmət” çapında olan “qanuni oğru” ilə indiki bəzi “qanuni oğrular” a hətta el arasında da münasibətdə fərqlilik var. (“Köhnə kişilər köhnə atları minib getdilər” deyimi yada düşür). Bu fərqli münasibətə səbəb təkcə “oğru qanunları”nın yenilənməsi və ya “qanuni oğrular”ın nəsil dəyişməsi deyil, bu həm də dəyişən dünyanın diktə etdiyi qanundur. “Rövşən Lənkəranski”yə olan ziddiyyətli münasibətin kökündə duran səbəblərdən biri də onun hər gün sifətini dəyişən dünyanın “vor zakon”u olmasıdır. Təsadüfi deyil ki, Rusiya mətbuatı “Ded”in ölümü ilə köhnə “oğru dünyası” nın böyük bir dövrünün qapandığını yazır. Caniyev müasir “oğru dünyası”nın Azərbaycandan olan ən tanınmış simalarından biridir. O, bir addım keçmişə dönsə, özü keçmiş ola bilər. Ona görə daim hərəkətdədir. Onun gah Bakıda gizləndiyi deyilir, “bandotdel”də söhbətə çağırıldığı danışılarkən, sorağı Ukraynadan, Dubaydan gəlir, sonra İstanbuldan və sair...Sonra haradasa vurur, haradasa vurulur xəbərləri...
“Vor doljen sidet v tyurme” deyimi indi o qədər də aktual deyil. “Ded” yerinə özünün varisi elan etdiyi Miron rəsmi məlumata görə... heç həbsxanada yatmayıb.
1975-ci il təvəllüdlü Rövşən Canıyevin kimliyi barədə Azərbaycan mətbuatında çox yazılıb. Biz bu yazında yalnız bəzi ştrixləri qeyd edəcəyik.
Onu kriminal dünyada ön sıraya çıxaran milis atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşındakı gəncin atasının qatilini nümayişkaranə öldürməsi kriminal həyata “əla” qiymətlə başlamaq deməkdir. Bu, həm də ilk həbsxana həyatına “mujik” kimi başlamağa imkan verir. Yəni burda təkcə pul rol oynamır, həm də maddə hər yerdə sənə “yaşıl işıq” açır. Ona görə məhkəmə Canıyevə cəmi iki il iş kəsib...
Rövşən Canıyev 2000-ci ildə kriminal aləmdə tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. Canıyevin özü də bu davada ciddi psixi travmalar alır. Məhkəmə-psixi ekspertizanın qərarı ilə Canıyev müalicəyə göndərilir və ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra Canıyev yoxa çıxır. 2002-ci ildə DİN onun barəsində beynəlxalq axtarış elan edir.
Məlumatlara görə, ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakon”u - nardaranlı Mirseymur (Abdullayev) verib. Moskvadakı biznes əlaqələrini də Canıyevin Mirseymurla yaxınlaşdıqdan sonra yarandığı deyilir. Moskva bazarlarına nəzart uğrunda başlamış amansız mübarizə 2003-cü ildə Mirseymurun həyatına son qoyur. “Peşera” barına gələn iki xain killer Mirseymura “Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurur. Azərbaycanlı “qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır. Mirseymurun ölümün kimin sifariş verdiyi isə dəqiq bilinmir.
2003-cü ildə Sankt-Peterburqda “Yevlaxlı Elçin” kimi tanınan Elçin Əliyev də öldürülür. Onun qətli ilə bağlı müxtəlif versiyalar olsa da, bu illər ərzində bu barədə heç kim açıq danışmayıb. Qeyri-rəsmi bilinən budur ki, bu qətldə Canıyevin adı hallanıb və hətta 2004-cü ilin dekabrında bu cinayət işinə görə Moskvada həbs də edilib. Amma belə görünür ki, tutarlı səbəb olmadığı üçün onu həbsdə saxlaya bilməyiblər.
2006-ci ildə aprelin 7-də Moskvada məşhur “qanuni oğru”, “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Müxtarov qətlə yetirilir. 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət Canıyevə keçir. İddialar var ki, onun uzun müddətdir ki, Azərbaycanda cəza çəkən Nadir Səlifovla münasibətləri bazarlara nəzarət uğrunda savaş səbəbindən pisləşib.
2008-ci ilin fevralında Kiyevdə həbs edilən R.Canıyev Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.
Canıyevin bəzi hallarda oddan salamat çıxması, uzun müddət axtarışda olmasına baxmayaraq ələ keçməməsi haqlı suallar da doğurub. Məsələn, onun 2010-cu ildə həbsdən çıxmasına Nadir Səlifovun vəkillərinin reaksiyasına diqqət yetirək: “Rövşəni həbs edib bura gətirəndən sonra Nadir bizə dedi ki, onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı. Rövşən axtarışda ola-ola hava limanı vasitəsi ilə ölkəyə gəlir, onu qarşılayıb-yola salırdılar. Bu onu göstərir ki, müəyyən yüksək vəzifəli məmurlar onun arxasında dayanır”.
Həbsdən çıxdıqdan sonra Moskvaya qayıdan Canıyev yenidən “Ded Xasan” la və onun kastasına daxil olduğu iddia edilən Baxış Əliyev (“Vaxa”), Yusif Əliyev (“Şəmkirli Yuska”), Vaqif Süleymanov və Nadir Səlifovla (“Lotu Quli”) münasibətlərinə yenidən aydınlıq gətirməyə çalışır. İddialar var ki, Caniyev yeganə azərbaycanlı “qanuni oğru” dur ki, “Ded” in klanına daxil olmayıb.
2010-cu ildə “Ded Xasan” a ilk sui-qəsd edilir və həmin vaxt Kiyevdə olan R.Canıyev saxlanılır. Sui-qəsddən sonra yenidən Moskvaya qayıdan Canıyev “Ded”ə müxalifətdə olan Cemal və Mamuka Mikeladzelərlə əlaqələrini möhkəmləndirir. Caniyev müttəfiqləri ilə “oğru masasını” Dubaya köçürür.
2012-ci ildə Canıyevə də sui-qəsd olması barədə xəbərlər yayılsa da, sonradan təsdiqlənməyib. Ötən ilin sentyabrında “Ded”in çıxardığı daha bir ortaq qərarla Rövşən Canıyevin “oğru” adının alınması barədə 30 “qanuni oğru” adından (onların sırasında 10 azərbaycanlı avtoritet də olub) “malyava” (göndəriş) yayılır. Qeyd edək ki, bundan əvvəl “Ded” in xeyir-duası ilə Canıyevin yaxın müttəfiqləri -Cemal Mikeladze və Merab Suxumskinin də adının alındığı elan olunmuşdu. “Ded Xasan”ın öldürülməsi ilə bu proses də dayanır...
İndi daha maraqlı sual bundan sonra nə olacağıdır. Məlumatlar var ki, “Ded”in tərəfdarları onun elan etdiyi zəif varisin deyil, bu ilin payızında İspaniyada həbsdən azad olunacaq Rusiya (slavyan) mafiyasının sonuncu mogikanı olan “Şakro Molodoy”- Zaxari Kalaşovun başçılığı ilə davam etməyə qərar veriblər. Bu arada Rusiya mətbuatı yazdı ki, Merab Suxumski də “Ded” tərəfdarları ilə anlaşmağa çalışır və mümkündür ki, Canıyevi qurban versin. “Lənkəranski” nin ən yaxın adamı olan Cemal isə fevralın 1-dən həbsdədir və “cibindən çıxan” 2 əl qumbarasının harada partlayacağını bilən yoxdur.
Ötən yazılarımızda da qeyd etdiyimiz kimi, “Sabirabadlı Hikmət”in qətlindən sonra azərbaycanlıların Rusiyada güclü fiqur ətrafında birləşməsinə ehtiyacı yaranıb. Doğrudur, rəhmətlik Hikməti də qəbul etməyən müəyyən azərbaycanlı kriminal çevrələr vardı. Amma böyük ağırlıqda onun sözü bütün Rusiya və MDB məkanındakı güc mərkəzlərində keçərli idi.
Canıyevin kriminal aləmin kralı olmaq üçün şansı var. O mənada ki, hələ gəncdir və ətrafında böyük bir güc toplaya bilər. Amma yeni “oğru dünyası” da çox siyasiləşib. Ən böyük olmaq üçün istək və güc yetərli deyil. Bunun üçün siyasi iradə də lazımdır...