Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, qanun layihəsi ilə bağlı komitənin sədr müavini Ağalar Vəliyev məlumat verərək qeyd edib ki, qanun tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Onun sözlərinə görə, bir sıra xarici ölkələrin bu sahədə qabaqcıl təcrübəsinin təhlili əsasında hazırlanmış qanun layihəsinin əsas məqsədi ölkəmizdə bir çox infrastruktur obyektlərinin tikintisinin və ya əsaslı təmirinin yerli və xarici investisiya şirkətlərinə güzəştli şərtlərlə təklif olunması və əlverişli investisiya mühitinin yaradılmasıdır. O, deyib ki, beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, oxşar qanunlar qabaqcıl Avropa ölkələrində, o cümlədən, Almaniya, Fransa, Böyük Britaniyada uğurla tətbiq edilmiş və yüksək nəticələr əldə olunub: "Təkcə bir nümunə gətirim ki, qardaş Türkiyədə oxşar qanun 1994-cü ildə qəbul olunub və qanunun tətbiqindən sonra ölkəyə təxminən 122 milyard dollar investisiya cəlb edilib".
Komitə sədrinin müavini vurğulayıb ki, qanun layihəsində ölkədə ilk dəfə olaraq “Tik, idarə et, təhvil ver” (TİT) modelinin tətbiqi nəzərdə tutulur. Modelin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət müvafiq şərtləri və tələbləri ehtiva edən müqavilə əsasında infrastruktur obyektlərin tikintisini, həmin obyektlərin maksimum 49 il müddətinə idarə edilməsini və gəlirlərin əldə olunmasını investorlara təklif edir.
Qeyd olunan müddət bitdikdən sonra həmin obyektlər əvəzsiz qaydada dövlətə təhvil verilir: "Bütövlükdə qanun layihəsinin əsas üstünlükləri ondan ibarətdir ki, investorlar hər hansı sahibkarlıq riski daşımadan ölkəmizə investisiya qoymaqda və bunun müqabilində gəlirlər əldə etməkdə maraqlı olacaq. Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq və müvafiq müqavilə müddəti başa çatdıqdan sonra yaradılan həmin infrastruktur obyektləri əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçəcək.
İnşaat-tikinti sektorunda uzun illərki təcrübəmdən irəli gələrək, xüsusilə qeyd etmək istərdim ki, təklif olunan qanun layihəsi həm dövlətin, həm də investorların maraqlarına tamamilə uyğun gəlir".
Müzakirələrdən sonra yeni qanun layihəsi plenar iclasa tövsiyə olunub.