DGK-nın sədr müavini indi də bir zamanlar sürücüsü olduğu generalın qulluğunda dayanır
Hələ bir müddət əvvəl mətbuatda Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədovla bağlı məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, general-leytenant rütbəsi daşıyan 65 yaşlı bu məmurun indiki vəzifəyə necə gəlib çıxdığı məsələsi kifayət qədər şübhəlidir və bunun üçün ciddi əsaslar da var.
JAM.AZ xəbər verir ki, Nazim Məmmədov Ordubad rayonunda anadan olub. Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlayıb. 1976-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda çalışıb.
Karyerasındakı yüksəliş isə 1995-ci ildən - Dövlət Gömrük Komitəsində fəaliyyətə başlayandan sonra başlayıb. Görünür qəhrəmanımız ali təhsili olmadığından vəzifə pillələrində yüksələ bilməyəcəyini anlayıb və təhsil almaq qərarına gəlib. Və o, 1998-ci ildə - nə az, nə çox, düz 48 yaşında Təfəkkür Universitetinin hüquq fakültəsindən məzun olub. 2007-ci ilin 28 dekabrında isə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.
Yeri gəlmişkən, Nazim Məmmədovun tərcümeyi-halı sosial şəbəkələrdə yayılandan sonra Dövlət Gömruk Komitəsinin rəsmi saytında onun üçün ayrılmış "bölmə"yə əl gəzdirilib. Belə ki, tərcümeyi-halda "1999-cu ildə Təfəkkür Universiteti"nin hüquq fakültəsini bitirmişdir" bəndi çıxarılıb. Bununla da komitə rəhbərliyi guya bəzi faktları gizlətməyə çalışıb.
JAM.AZ Nazim Məmmədovun necə komitə sədrinin müavini olmasının bəzi məqamlarını ortaya çıxarıb. Əldə etdiyimiz məlumatlara görə, Ordubadda baytar işləyən hazırkı general 90-cı illərin əvvəllərində, yəni, DGK-ya işə düzəlməmişdən əvvəl məşhur generallardan birinin sürücüsü kimi də fəaliyyət göstərib. Mənbə iddia edir ki, həmin generala özünü və ailə üzvlərinə sürücülük edən Nazim Məmmədov, sonradan gömrüyə işə düzəldilib. Amma o, yenə də ailə üzvlərinin sürücüsü olaraq qalıb. Daha sonra isə sədaqətindən dolayı ona vəzifə verilib və yüksək məqama çəkilib.
Məndə bildirir ki, general-leytenant komitə sədrinin müavini olmasına baxmayaraq, bu gün də onu hazırkı məqama yüksəltmiş şəxsin qulluğunda dayanır, onun evinin bazarlığından tutmuş, xaricə səfərlərin təşkilinə qədər bəzi işləri yerinə yetirir.
Qarşı tərəfi də dinləməyə hazırıq.