Bakı sakini Zeynəb Fərəcli "Company of Education & Outsourcing – CEO” xaricdə təhsil şirkətinin dələduzluğuna məruz qalması ilə bağlı "Qafqazinfo” ya müraciət edib. Şikayətçi bildirib ki, o, ötən ilin aprel ayında İtaliyada oxumaq üçün sözügedən təhsil şirkətinə müraciət edib:
"Şirkətin direktoru Aynurə Bayramova tez bir zamanda xaricdə istədiyim universitetlərdən birinə qəbul olunacağıma söz verdi və müqavilə bağladıq. Müqaviləyə əsasən onlara verəcəyim 1500 manat məbləğinin yarısını həmin anda, digər yarısını isə qəbul olunduqdan sonra ödəyəcəkdim. Onu da qeyd edim ki, həmin vaxt maddi imkanımız yaxşı olmadığından nəzərdə tutulan məbləği bir neçə aya ödəməyə razılaşdıq. Mən məbləği tam ödədim, ancaq onlar işimi gecikdirməyə başladılar. Əvvəlcə, sentyabr ayında qəbul olunacağımı dedi, sonra yanvar, daha sonra da fevral. Ancaq söz verdiyi heç bir tarixdə mənə qəbul ala bilmədi”.
Şikayətçi bildirib ki, son bir neçə ayda tez-tez müraciət etdiyi üçün direktor çıxış yolunu saxta sənəd hazırlamaqda görüb:
"Bir neçə gün əvvəl məni yanına çağırdı. Ofisə girən zaman məni qucaqlayıb dedi ki, "təbrik edirəm, "Siena” universitetinə qəbul olmusan". Mən qəbul sənədini soruşanda maşında olduğunu, verəcəyini söylədi. Artıq vizaya baş vuracağımızı, hər şeyin qaydasında getdiyini bildirdi. Mən də fikirləşdim ki, bu hala çatıbsa, yəqin, qəbul olunmuşam və məsələ ciddidir. Daha sonra Kamran adlı dostumun təkidi ilə çətinliklə də olsa, mən A.Bayramovadan sənədi aldım. Həqiqətən də, sənəddə nə möhür var idi, nə də ki direktorun adı”.
Zeynəb Fərəcli sənəddən şübhələndiyi üçün birbaşa universitetlə əlaqə saxlayıb. Universitetdən göndərilən cavab məktubunda bu adda tələbə qeydiyyata almadıqları, göndərilən sənədin onlara məxsus olmadığı bildirilib. Şirkət rəhbəri əvvəlcə bu halı dansa da, sonradan hər şeyi boynuna alıb:
"Özü etiraf etsin deyə sənəddə direktor adının niyə olmadığını soruşdum. O da mənə söylədi ki, səbəbini bilmir, İtaliyaya gedəndə universitetdən soruşum. Sonra universitetlə danışdığımızı və sənədin saxta olduğunu bildiyimi dedim. Tək sözü o oldu ki, bir səhvdi, etmişəm”.
Şikayətçinin sözlərinə görə hazırda ödədiyi 750 manat məbləğini də geri ala bilmir. Bunun üçün polisə müraciət etsə də, hər hansı bir tədbir görülməyib:
"Deyirəm ki, saxta sənəd düzəltmisən. Qanunla sənə ən azı 5 il iş düşür. Ödədiyim məbləği qaytar, məsələ böyüməsin. Bu gün-sabah deyə vaxtı uzadır. Fevralın 24-də 27-ci polis bölməsinə müraciət etdim. Onlar da zəng edəcəyik deyib məni göndərdilər. Müraciətimin üstündən bir həftə keçməsinə baxmayaraq, hələ də bir iş görülmür. Mən həm maddi, həm də mənəvi nə qədər zərər çəkdim. Elə görünür ki, şirkət tərəfindən aylardır süründürməçiliyə məruz qaldığım üçün artıq məhkəməyə, prokurorluğa müraciət etməyə məcburam, çünki polis bu işə ciddi yanaşmır. Media vasitəsilə də insanlara səslənib bu kimi dələduz şirkətlərdən ehtiyyatlı olmağa çağırıram”.
"Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı "Company of Education & Outsourcing – CEO” şirkəti ilə əlaqə saxlayıb. Qurumun təsisçisiTalıb Bayramov qeyd olunan iddiaların doğru olmadığını söyləyib:
"Biz xanıma demişdik ki, nəsə bir narahatlıq varsa, məhkəməyə müraciət etsin, məsələ hüquq müstəvisində aparılsın. O, başqa yollara əl atır, imicimizi zədələmək istəyir. Hətta bəzi tələbələrimizə yazıb ki, onlarla işləməyin. Biz də cavabını hüquqi yolla verərik. Saxta sənəd əsassız iddiadır və qətiyyən boynumuza almırıq. Məhkəmədə görüşərik”.
***
Şikayət dərc olunduqdan sonra Nərminə Aslanova da eyni şirkət tərəfindən dolandırıldığını bildirib. Onun sözlərinə görə, ödədiyi 1200 manat hələ də qaytarılmayıb:
"Həmin şirkət saxta sənədlə məni İtaliyaya göndərdi. Orada universitet sənədi tanımadı və mən səfirliyə müraciət etdim. İtaliyadan martda qayıdıram, mən də işi hüquq müstəvisində həll edəcəm”.