"İnsanlara balıq deyil, tilov vermək lazımdır”
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin ünvanlı dövlət sosial yardımının verilməsində yeni yanaşmanın tətbiqinə dair təklifi sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Bu müzakirələrə qoşulanlar deputatın ələbaxımlılığın qarşısını məqsədilə əhaliyə ünvanlı sosial yardım əvəzində qoyun verilməsi təklifinə birmənalı yanaşmırlar.
Miq.az xəbər verir ki, növbəti dəfə qalmaqala səbəb olan deputat Hadı Rəcəbli məsələ ilə bağlı Modern.az saytına açıqlama verərək, yenə də bəzilərinin onu səhv başa düşdüyünü vurğulayıb. Hadı Rəcəbli deyib ki, o, təklif irəli sürməyib, yalnız dünya ölkələrində göstərilən təcrübəni misal çəkib.
"Bu qoyun yox, at, inək, maşın, tikiş maşını və s. ola bilər. İnsanları ələbaxımlılığa öyrətməməliyik. Məsələn, onlar kiçik təsərrüfat yaradır ki, bu da sonrakı vaxtlara həmin ailənin dolanışığında yardımçı olur. Tutaq ki, 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. İnsanlara balıq deyil, tilov vermək lazımdır ki, özü işləsin. Bunu isə ancaq ünvanlı sosial yardım üçün demişdim. Bu misalın əlilliyə, uşaqlara görə verilən müavinətlərə aidiyyatı yoxdur”.
Hadı Rəcəbli bildirir ki, müavinət sistemi qədər eybəcər, ələbaxımlılıq yaradan sistem yoxdur. O təklif edib ki, kənd yerlərində bir ailəyə orta hesabla aldığı 130 manat ünvanlı sosial yardım əvəzinə qoyun verilsin.
"Yardımlı, Gədəbəy kimi dağ rayonlarında yaşayan ailələrə 5 ayın pulunun əvəzində biri erkək olmaq şərtilə 5 qoyun verilir və nəzarət olunur ki, ailə o qoyunlardan bala alana qədər heyvanları kəsməsin. Bu yolla ələbaxımlılığın qarşısını almaq, insanları istehsalata yönəltmək mümkündür".
Komitə sədri bu məsələdə Pakistan və Banqladeş təcrübəsini misal çəkib.