Bu gün Klublar Komitəsinin (KK) növbəti iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, "Boulevard Hotel"də baş tutan toplantıdan sonra AZAL-ın vitse-prezidenti, həmçinin KK-nın sədri Fikrət Hüseynov jurnalistlərin suallarına cavab verib.
O, əvvəlcə iclasda müzakirə olunan məsələlərdən danışıb: “Bəzi məsələlər müzakirə olundu. İlk olaraq “Kəpəz”in stadionundan danışdıq. Meydançanın təmir olunması haqqında razılığa gəldik. Çünki futbolçular bu stadionda istədikləri kimi çıxış edə bilmirlər və zədələnirlər. Ölkə kubokunun finalını Gəncədə keçirmək nəzərdə tutulub. Ona görə də stadion təmir olunmalıdır. Legionerlər üçün rüsuma da baxıldı. Biz bu məsələni 3 dəfə müzakirə etmişdik. Bu gün yenə baxdıq və 5 min manata endirilməsinə qərar verdik. Martın 11-də AFFA Hesabat konfransında bun məsələyə yenə baxılacaq. Razılıq olsa, təsdiq olunacaq. Üçüncü məsələ gənc oyunçuların statusu və transferi ilə bağlı əsasnamə ilə əlaqədar idi. AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə bunu danışdıq. 15, 16 yaşlı uşaq müqavilə bağlayandan sonra başqa kluba keçəndə təzminat məsələsi necə olmalıdır? Əsasnamə hazırlanıb, İcraiyyə Komitəsinə göndəriləcək. Ümid edirəm ki, ayın 11-də onu təsdiq edəcəklər. Uşaq çempionatlarında oyunların məqbul saatlara salınması da danışıldı. Bu məsələ 70-80 faiz yoluna qoyulub. Təhsil Nazirliyinə məktub göndərilib. Klublar da bununla bağlı AFFA-ya müraciət ediblər. Məsələ tam yoluna qoyulmasa da, həllini tapmaq mümkündür. Təhsil Nazirliyindən uşaqların dərslərə buraxılması üçün müraciət edilib. Tam razılıq verilməyib. Amma bunun üzərində iş gedir. Mənə elə gəlir ki, yoluna qoyulacaq”.
Hüseynov klublarımızdan FİFA-ya verilən şikayətlərlə bağlı müzakirələr getdiyini də əlavə edib: “Biz klublar meydanda rəqib olsaq da, ailə kimi öz problemlərimizi müzakirə etdik. Hamısından çətinliklərin soruşduq. Məsələn, “Neftçi”nin Emil Mpenzaya olan borcu, “İnter”in legionerlə bağlı problemləri danışıldı. “İnter” klubundan bildirildi ki, onlara Ukraynanın “Dnepr” klubu ilə birlikdə xəbərdarlıq edilmişdi. Dneprepetrovsk təmsilçisinə artıq dünəndən sansksiyalar tətbiq edilib. Bakı klubu isə hələ ki, cəzalanmayıb. “Xəzər Lənkəran” da futbolçularına olan borclarını ödəməklə bağlı razılıq əldə edib. Bir də “Zirə”nin avrokuboklara buraxılıb-buraxılmayacağı haqqında söhbətimiz oldu. Mümkündür ki, heç bir borcu olmadığına görə UEFA güzəştə getsin”.