Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan 30 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatı həyata keçirilib.
Nazirlikdən "Qafqazinfo"ya daxil olan məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq, 2016-cı il fevralın 25-dən Yusif Əhməd oğlu Məmmədov 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib. Yusif Məmmədov Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında musiqişünaslıq ixtisası üzrə təhsil alıb.
Xatırladaq ki, 30 nömrəli Uşaq Musiqi Məktəbinin keçmiş direktoru Bağırov Eldar Novruz oğlu 2015-ci il dekabrın 30-dan öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Məlumat üçün bildiririk ki, Uşaq Musiqi Məktəblərinə yeni təyin olunan direktorların qarşısına Nazirliyin rəhbərliyi tərəfindən musiqi təhsilinin daha da inkişafı, təlim tərbiyə prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc istedadların müəyyən edilməsi kimi vəzifələr tapşırılır.