“Böyük Bakının Regional İnkişaf Planı layihəsinə uyğun olaraq Bakıda Yeni Türkan qəsəbəsi yaradılacaq”.
“Qafqazinfo” “APA-Economics”ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov bildirib."Yeni Türkan qəsəbəsi üçün ayrılmış torpaq sahəsi 2000,0 ha ərazini əhatə etməklə şimaldan qədim Qala kəndi, şimal-şərqdən Türkan kəndi, qərbdən Hövsan qəsəbəsi və cənubdan Xəzər dənizi ilə sərhədlənən bir ərazidə yerləşir. Yeni salınacaq qəsəbə şərqdən mövcud Qala-Türkan, cənubdan Hövsan-Türkan və şimaldan isə Zığ-Türkan yolunu birləşdirən avtomobil yolları ilə əhatələnib. Ərazidə mövcud yaşayış əraziləri, sahibkarlıq üçün ayrılmış ərazilər, sənaye əraziləri və hal-hazırda istismarı dayandırılmış daş karxanaları mövcuddur. Ərazinin şimal hissəsindən Samur-Abşeron su kanalı və neft kəməri keçir. Ərazinin cənubundan dənizə çıxan hissəsi isə əsasən fərdi yaşayış evləri ilə sahil boyunca əhatələnib”, - deyə A.Ələsgərov vurğulayıb.
Komitə sədrin sözlərinə görə, Yeni Türkan qəsəbəsinin eskiz layihəsinin həllində mövcud faktlar nəzərə alınaraq öz həllini tapıb.
"Qəsəbə Türkan və Hövsan yaşayış məntəqələri ilə mövcud və yeni layihələndirilən avtomobil yolları vasitəsilə əlaqələndirilib. Əsas mərkəzi küçələrdə 3-5 mərtəbəli terras tipli yaşayış evləri və ətrafda həyətyanı sahəli fərdi yaşayış evlərinin layihələndirilməsi nəzərdə tutulur. Qəsəbədə bütün inzibati, sosial-mədəni və məişət müəssisələri, istirahət mərkəzləri, sənaye (mövcud və yeni salınan) müəssisələri və s. layihələndirilib. Ərazidə yerləşən daş karxanalarının yerində süni göllər yaradılaraq istirahət guşələri kimi istifadə olunması nəzərdə tutulub. Layihələndirilmiş ərazi 1350 ha olmaqla 35-40 min nəfər əhali üçün nəzərdə tutulur”, - deyə A.Ələsgərov qeyd edib.
A.Ələsgərov həmçinin vurğulayıb ki, Böyükşor gölünün tam bərpa edilməsinin II mərhələsi 2016-2020-ci illəri əhatə edəcək: “Bununla da göl özünün tarixi-təbii məcrasına qaytarılacaq, burada suyun səviyyəsi tənzimlənəcək, ekoloji sistem bərpa olunacaq”.