“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.
“Qafqazinfo”nun report-a istinadən xəbərinə görə, dövlət başçısı İlham Əliyev bununla bağlı fərman imzalayıb.
İndiyədək səfir və ya səfirliyin digər əməkdaşları Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırıla bilərdi.
Dəyişikliklə, səfir və ya səfirliyin digər əməkdaşları xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmət ilə bir araya sığmayan hərəkətlərə görə, həmçinin Azərbaycanın və ya qəbul edən dövlətin qanunvericiliyinə görə məsuliyyət doğuran əməllər törətməkdə təqsirli bilindikdə, habelə Azərbaycan qanunvericiliyində nəzərdə tutulmuş digər hallarda vaxtından əvvəl geri çağırılacaqlar.
Qeyd edək ki, səfirlər Azərbaycan Prezidenti tərəfindən təyin edilir və geri çağırılır.