Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin dördüncü ili tamam olur.
Həmin gün nazir müavini Rail Rzayevi səhər 07:30-da işə gedərkən evinin yaxınlığında, xidməti avtomobilində başına açılan atəşlə öldürdülər. R.Rzayevin qətlinin istintaqı da akademik Ziya Bünyadovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətllərinin istintaqı kimi, imitasiya olundu. Günahsız insanlar istintaqa cəlb edildi, əsas cinayət işinin ətrafında “var-gəl” edən istintaqçılar ili-ilə satmaqla ictimai rəyi aldatdılar. Ötən il yazmışdıq, bir də yada salaq. Generalı həmin gün tələm-tələsik dəfn etdilər. Bunun ardınca da xəbər yayıldı ki, R.Rzayevin qəbri hələ o öldürülməzdən əvvəl qazılıb. Dəfn mərasiminə nazirlərdən heç kim qatılmadı. Hətta Rzayevin birbaşa şefi - nazir Səfər Əbiyev də dəfn mərasiminə gəlmədi.
Dəfndən sonra xəbər yayıldı ki, R.Rzayev ölümündən az müddət əvvəl II Fəxri Xiyabana gedərək özünə qəbir yeri sifariş verib. Təsadüfdən də həmin yer 2005-ci ildə sifarişlə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı yaxınlığında yerləşirmiş.
Qətl baş verən gün prezident yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirildi. Müşavirədə cinayətin tezliklə açılması üçün xüsusi əməliyyat-istintaq qrupunun yaradılması, ən peşəkar əməliyyatçı və istintaqçıların ora daxil edilməsi tapşırığı verildi. Qətl Beynəlxalq Bankın İnşaatçılar prospektindəki ofisinin arxasında, binanın təhlükəsizlik videokameralarının əhatə dairəsində törədilsə də istintaq qrupu bu günə kimi yerində sayıb. Cinayətdən 2 ay ötəndən sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov “Zerkalo” qəzetinə müsahibəsində generalın qətli ilə bağlı 4 versiya üzərində iş getdiyini açıqlamışdı. O, versiyaları konkretləşdirməsə də, ehtimallar sonradan mətbuatda dərc olundu. İlkin versiya bu idi ki, general tikinti biznesi ilə bağlı öldürülüb. Bu versiyanın tərəfdarları deyirdi ki, Rzayevin tikinti sektorundakı fəaliyyəti bu sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib. İkinci versiya bu idi ki, general şimal qonşumuzun geosiyasi maraqlarının qurbanı olub. Sonradan da bu versiyanı dəstəkləyən bir neçə xəbər yayıldı. Qətldən 20 gün sonra generalın ailə münaqişəsi zəminində öldürülməsi xəbəri də yayılmışdı. Bu xəbərləri dəstəkləyən fakt isə Rzayevin əmlakı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qətli araşdıran istintaq qrupu tərəfindən sorğu göndərilməsi olmuşdu.
İstintaqın generalın ikinci həyat yoldaşının yaxını tərəfindən öldürülməsi versiyasını əsas götürməsi ilə bağlı xəbərlər də mediaya gəlirdi. Orada deyilirdi ki, Rzayevin iki ailəsi olub. General birinci ailəsini, ölümündən xeyli əvvəl İsrailə göndərib. Özü də ora getmək fikrində olub. Hətta qətlindən sonra istintaqçılar Rzayevin iş yerində sənədləri yoxlayarkən onun adına rəsmiləşdirilmiş İsrailə aviabilet də tapıb. Biletin üzərindəki tarix fevralın 12-si olub.
Digər versiya isə generalın hakimiyyətdə təmsil olunan generallarla mübahisəsinin nəticəsində aradan götürülməsidir. Şərti olaraq sonuncu versiya isə Rzayevin silah alveri ilə bağlı öldürülməsinə bağlanırdı. Bu versiyaya görə, silah alverindən əldə olunan gəlirin bir hissəsi yoxa çıxıb. Bunun hesabını isə Rzayevdən soracaqlarmış. Bu alverdə əli olanlar generalı aradan götürüb özlərini sorğu-sualdan yayındıra bilərdilər.
Versiyaları araşdırmaq istintaqın işidir. Amma görünür, istintaqçıların öz işini görmək üçün kifayət qədər vaxtı olsa da, generalın qətlini açmaqda nədənsə aciz qalıblar. Bu acizlik isə heç də istintaqçıların qeyri-professionalığı ilə bağlı deyil.