Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis orqanlarının sahə rəislərinin və inspektorlarının cinayətlərin profilaktikasında roluna və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, son 10 ilə yaxın müddətdə, sahə inspektorlarının cinayətlərin profilaktikası, vətəndaş cəmiyyəti ilə əlaqələrinin möhkəmləndirilməsi sahəsində fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər görülüb.
Nazir müavini - Baş Təşkilat- İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev çıxış edərək bildirib ki, inzibati xəta törədən şəxslərin vahid mərkəzləşdirilmiş qeydiyyatının aparılması məqsədilə 2010-cu ildə məlumat sistemi yaradılıb, 2013-cü ildə isə inzibati sahənin pasportunun elektron forması hazırlanaraq həmin sistemə yerləşdirilib.
Müşavirəyə yekun vuran daxili işlər naziri sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb. Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini vurğulayıb, qarşıda duran vəzifələri müəyyənləşdirib və bu məsələlərə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.