Bakının bir sıra apteklərində bəzi dərmanların satışı dayandırılıb.
Yenimeydan.info-nun məlumatına görə, Bakı sakini Səxavət Əmirov ans press-ə bildirib ki, iki-üç gün ərzində müraciət etdikləri bir çox apteklərdən ürək üçün nəzərdə tutulan "Genopril combi" və "Prestans" dərmanlarını ala bilmirlər. "Aptek satıcıları dərmanın qurtardığını deyirlər. Onlar bildirirlər ki, fevralın 25-dən yeni qiymətlər qüvvəyə minəcək deyə dərmanları gətirmirik", - deyə alıcı bildirib.
Apteklərdən də bəzi yeni dərmanların gətirilmədiyi təsdiqlənib. Satıcılar deyir ki, dərmanları baha qiymətə almaq istəmirlər. Bu, onların ziyanla işləməsi deməkdir. Nəticədə 3-4 müştərisini itirməkdən qorxmayan apteklər bu növ dərmanları gətirməkdən imtina edirlər.
“Tarif Şurasının qərarı ilə fevralın 25-dən bəzi dərmanların qiymətləri aşağı endiriləcək. Buna görə də dərmanı baha alıb, qərar qüvvəyə mindikdən sonra ucuz satmaq istəmirik. Hazırda bəzi dərmanlar bitsə də onu gətirmirik. Çünki bizə sərf etmir”, - deyə satıcı qeyd edib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev açıqlamasında vurğulayıb ki, adıçəkilən dərmanlar əksər apteklərdə var:
“Həmin dərmanlarla bərabər hətta onların eyni təsirediciləri də satışdadır. İstəyənlər o dərmanları əldə edə bilərlər”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, onlar dərmanın keyfiyyətinə nəzarət edirlər. Ayrı-ayrı sahibkarların aptekdə hansı dərmanı satıb-satmamasına qarışa bilmirlər.
Xatırladaq ki, sabahdan etibarən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş daha 1940 dərman vasitəsinin yeni qiymətlərlə satışına başlanılacaq. Ümumilikdə 5651 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışda olacaq. İndiyədək Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır.