Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:
“1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üzrə nəzərdə tutulmuş vəsait hesabına Gəncə Şəhər İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat ayırsın.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər hazırlayıb həyata keçirsinlər, habelə Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkilinə kömək göstərsinlər.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna tövsiyə edilsin ki, 2016-cı ildə keçirəcəyi maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamətlərdən biri kimi nəzərdə tutsun.
4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə bağlı keçiriləcək tədbirlərin işıqlandırılmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.