Bakının Binəqədi rayonu ərazisində Rəsulzadə qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb. "Qafqazinfo" musavat.com-a istinadən xəbər verir ki, hadisə Stroy Detal küçəsi 6B ünvanında baş verib.
Evin sahibəsi Samirə Nəsirovanın sözlərinə görə, hadisədən bir gün əvvəl axsam saatlarında yorgun olduğu üçün üzərində olan qızılzinət əşyalarını vazanın içinə qoyub. Nəsirova bildirib ki, avtomobil almaq üçün saxladığı 48 min manat pul da həmin vazada olub. Səhəri gün səhər saatlarında təcili evdən çıxıb işə gedən 36 yaşlı qadın qızıl və pulu evdə unudub. Elə hər şey də bundan sonra baş verib.
Samirə Nəsirova deyir ki, uzun müddətdir evində kirayədə yaşayan Mehriban adlı qadına zəng vurub, pulları və qızılları götürməyi xahiş edib: “Mən bir də ona zəng vuranda dedi ki, narahat olma, götürmüşəm, məndədir”.
Uzun müddətdir Samirə Nəsirovanın evində kirayə qalan və hörmət qazanan kirayəçi ev sahibəsini arxayınlaşdırır. Lakin axşam saatlarında evinə gələn Nəsirova isə tamamilə başqa bir mənzərə ilə rastlaşır: “Baxdım ki, qızıllar və pullar qoyduğum yerdə yoxdur. Sevindim ki, Mehriban götürüb. Çevriləndə baxdım ki, televizor yerində yoxdur. Paltaryuyan maşını da yerində tapa bilmədim. Mehribana zəng vurdum, amma telefonuna zəng çatmadı. Əri Fiata zəng vurdum, dedi ki, yük maşını sürürəm, yoldayam”.
Samirə Nəsirova Mehribanı tapır. O isə bildirir ki, oğurluğu onun ikinci əri Fiatın oğlu Babək edib. Televizor geri qaytarılsa da, qızıl və puldan xəbər çıxmayıb. Bir müddət sonra Mehribanın özü də qeyb olur.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin araşdırma nəticəsində məlum olub ki, ev sahibinin Mehriban kimi tanıdığı kirayəçinin əsl adı Şərəfnisədir. O, əvvəllər də oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
O da üzə çıxıb ki, Şərəfnisə Bakının Yasamal, Səbail və Nizami rayon polis idarələri tərəfindən də axtarılır. Bu axtarışlara artıq Binəqədi rayon Polis İdarəsi əməkdaşlarıda qoşulub.
Qeyd edək ki zərərçəkən Samirə Nəsirova “Ata yurdu” qəzetinin baş redaktoru olduğunu deyir