Bu günlərdə dələduzluqda və işə düzəltmə adı ilə insanları aldadıb pulunu mənimsəmədə ittiham olunan TQDK-nın mətbuat katibi Elnur Nağızadə haqda 4 il öncə də oxşar iddialar səsləndirilib.
Qafqazinfo-nun 2012-ci il 30 noyabrda "Azərbaycanda 160 min manatlıq fırıldaq” başlıqlı yazısında zərərçəkənlər Elnur Nağızadəni ittiham ediblər. Həmin vaxt vətəndaşlardan övladlarını TQDK imtahanından kənar olaraq ali məktəblərə tələbə kimi düzəldəcəyinə söz verən Sabrina Alxasovaya qarşı cinayət işi açılmışdı. Zərərçəkənlərdən biri K.Abdullayeva demişdi ki, S.Alxasova 2010-cu ildə onun qızını Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul elətdirmək üçün bu işdə ona E.Nağızadənin köməklik edəcəyini bildirmişdi: "Sabrina Alxasova yanımda oturub Elnura zəng elədi ki, bir nəfəri Tibb Universitetinə düzəltmək lazımdır. Guya ki, telefonda Elnurla danışırdı. Danışıb qurtarandan sonra mənə dedi ki, bu iş 100 minlik işdi, amma Elnur 50 min manata düzəldəcək. Mən də ona inanıb bankdan 50 min manat götürüb Sabrinaya verdim. Bundan sonra aldadıldığımı görərək hüquq-mühafizə orqanlarına müraciət etdim".
2013-cü ilin sentyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Alxasova Cinayət Məcəlləsinin 178.3.2 və 66.5 maddələri ilə təqsirli bilinərək 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
K.Abdullayeva da daxil olmaqla, digər 16 zərərçəkənə dəyən maddi ziyan ödənilməyib.