Xəbər verdiyimiz kimi, Yeni İnzibati Xətalar Məcəlləsi martın 1-dən qüvvəyə minir. Bu zaman həm sürücülərin, həm də yol polisi əməkdaşlarının üzərinə bəzi məsuliyyət düşür. Məsələn, yol polisi elektron vasitələrin köməyi ilə qeydə alınmış inzibati xəta haqqında protokolu 1 ay ərzində DYP-nin Mərkəzi məlumat sisteminə və sürücünün «elektron kabinet»inə daxil etməzsə, həmin sürücü məsuliyyətə cəlb oluna bilməz. Buna görə yol polisi əməkdaşını 500-700 manat cərimə gözləyir. Amma sürücülərin əksəriyyəti «elektron kabinet» anlayışından xəbərsizdir və bəziləri güman edir ki, «elektron kabinet» hansısa binada qəşəng bir otaqdır və sürücü gedib orada istirahət edərək cərimələrini öyrənə bilər. Xeyir! Belə deyil. «Elektron kabinet» «ASAN xidmət»də sürücülər üçün yaradılmış bir sistemdir. Siz də özünüzə «elektron kabinet» yaratmaq istəyirsinizsə Avtosfer.az-ın təqdim etdiyi bu materiala diqqət edin. Bunun üçün ilk növbədə Asanpay.az saytına daxil olmaq lazımdır. Aşağı sağ tərəfdə adınızı və kodunuzu yazırsınız. Əgər siz bu saytda əvvəllər qeydiyyatdan keçməmisinizsə, o zaman mobil telefon nömrənizi yazıb aşağıdakı simvolları daxil edirsiniz. Bu zaman sizin mobil telefonunuza SMS gələcək. Həmin SMS-dəki kodu daxil edərək qeydiyyatdan keçə bilərsiniz. Qeydiyyat prosesi çox sadədədir. Adınızı, e.mail ünvanınızı, mobil telefon nömrənizi qeyd edirsiniz, istədiyiniz şifrəni yazıb şəxsiyyət vəsiqəsindəki 7 simvolu (vəsiqənin üz qabığında aşağıdakı simvolların axırıncı 7-si lazımdır. Bu zaman lap axırdakı rəqəmi yazmırsız, həmin rəqəmdən əvvəldəki 7 simvolu daxil edin) daxil edərək qeydiyyatdan keçirsiz. Budur, artıq sizin «elektron kabinet»iniz hazırdır və bundan sonra törətmiş olduğunuz hər hansı inzibati xəta ilə bağlı yazılı və elektron protokol tərtib olunarsa, dərhal bu kabinetə yerləşdiriləcək. Siz bunu asanlıqla və istədiyiniz zaman görə bilərsiniz.
Amma bu sistemə yerləşdirilən cərimələrlə bağlı məlumatların Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının və bank-poçt işçilərinin görə biləcəyi hələ tam dəqiq məlum deyil. Burada göstərilən cərimələrin elektron qaydada və ya bank-poçt vasitəsilə ödənilməsinin mümkün olub-olmaması barədə növbəti yazılarımızda məlumat verəcəyik. Çünki «kabinet»dəki cərimələrin 10 gündən sonra qərara çevrilib-çevrilməyəcəyi məlum deyi. DYP bunu yəqin ki, nəzərə alacaq. Yaxşı olardıki, «elektron kabinet»ə yerləşdirilən cərimələrin ödənilməsində də çətinlik olmasın. Yəni, sürücülər yenə də məcbur qalıb DYP şöbələrinə getmədən Asanpay.az saytında elektron ödəniş edə bilsinlər və ya bank-poçt vasitəsilə ödənişi həyata keçirə bilsinlər.