Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun vəfatı ilə əlaqədar başsağlığı verib. “Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə, başsağılığı məktubunda tanınmış alimin xatirəsinin onu tanıyanların qəlbində həmişə yaşayacağı qeyd olunub:
“Azərbaycan elminə ağır itki üz verib. Respublikanın tanınmış elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərim oğlu Kərimov 2013-cü il fevralın 10-da ömrünün 65-ci ilində vəfat edib.
Mahmud Kərimov 1948-ci il oktyabr ayının 18-də İrəvan şəhərində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçərək, burada orta məktəbi bitirdikdən sonra 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində ali təhsil almışdır. O, 1975–1978-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında oxuyub.
Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlayan Mahmud Kərimov 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis vəzifəsində çalışıb. 1974–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçi, böyük elmi işçi, elmi katib və laboratoriya rəhbəri vəzifələrində işləmiş, 1984–2001-ci illərdə isə həmin Sektorun direktoru vəzifəsini tutmuşdur. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilən Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb.
Mahmud Kərimov 1979-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2000-ci ildə isə professor elmi adını alıb. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimov zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynamışdır. Onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlıdır. Alimin bir çox istiqamətlər üzrə müəyyən etdiyi metodlar və gəldiyi elmi nəticələr həmişə öz aktuallığı, fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə seçilib.
Mahmud Kərimov nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparırdı. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
Mahmud Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə mühüm layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. Azərbaycanın bir çox nüfuzlu təşkilatda təmsilçisi olaraq o, ətraf mühitin zərərli faktorlarının fizikası və kimyası ilə bağlı mühüm layihələrin gerçəkləşməsində də öz səylərini əsirgəmirdi. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədi ilə istifadəsi üzrə komissiyalarının üzvü idi.
Mahmud Kərimovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. O, elmi nailiyyətlərinə görə çoxsaylı patent və müəlliflik şəhadətnamələri almışdır. Alim mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil edib. Mahmud Kərimov yüksəkixtisaslı elmi kadrların hazırlığı prosesində həm elmi rəhbər, həm də müvafiq ixtisaslaşmış şuraların üzvü kimi yaxından iştirak edirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçildiyi gündən akademik Mahmud Kərimov ölkəmizdə elmin təşkili və idarə olunması prosesinə başçılıq edərək müstəsna xidmətlər göstərmişdir. O, elmi və elmi-təşkilati fəaliyyəti ilə müstəqillik illərində ölkənin əsas intellektual potensialının cəmləşdiyi Milli Elmlər Akademiyasının respublikanın sosial-iqtisadi inkişafında rolunun artırılmasında, mədəni-intellektual imkanlarımızın genişləndirilməsində xüsusi rol oynamışdır. Onun rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının strukturu müasir dövrün tələbləri baxımından modernləşməyə başlamış və təkmilləşdirilmiş, maddi-texniki bazası və kadr potensialı gücləndirilib.
Akademik Mahmud Kərimovun elmi-təşkilati fəaliyyəti nəticəsində müasir Azərbaycan elmi beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmuş və xarici ölkələrlə əlaqələrini xeyli genişləndirmişdir. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini verib.
Mahmud Kərimov ictimai fəallığı ilə seçilərək, respublikamızın həyatında baş verən mühüm sosial-mədəni hadisələrə münasibətdə həmişə yüksək vətəndaş-ziyalı mövqeyi nümayiş etdirmişdir. Onun Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyəti də təqdirəlayiq olmuşdur.
Akademik Mahmud Kərimovun zəngin elmi və elmi-təşkilati fəaliyyəti layiqincə qiymətləndirilmiş və o, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali təltifi olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Tanınmış alim, bacarıqlı elm təşkilatçısı və xeyirxah insan Mahmud Kərimovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!”
İlham Əliyev
Artur Rasi-zadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Misir Mərdanov
Əli Abbasov
Arif Mehdiyev
Arif Həşimov
Akif Əlizadə
Nailə Vəlixanlı
Cəlal Əliyev
Cəmil Əliyev
Vaqif Fərzəliyev
İsmayıl Hacıyev
Akif Hacıyev
Nadir Seyidov
Arif İsmayılzadə
Əhliman Əmiraslanov
Qərib Məmmədov
Kamal Abdullayev
Xoşbəxt Yusifzadə
Tofiq Nağıyev
Nəriman Quliyev
Arif Paşayev
Abel Məhərrəmov
Siyavuş Qarayev
İsa Həbibbəyli
Urxan Ələkbərov
Ziyad Səmədzadə
Şəmsəddin Hacıyev
Vasim Məmmədəliyev
Telman Əliyev
Adil Qəribov
Rasim Əlquliyev
Əyyub Quliyev
Nazim Məmmədov
Mərhumun cənazəsi vidalaşmaq üçün 2013-cü il fevralın 11-də saat 12.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında (Hüseyn Cavid prospekti, 31) qoyulacaqdır.
Dəfn mərasimi Fəxri Xiyabanda keçiriləcəkdir.